Xəzər Xəbər

Səfərbərlikdən yayınaraq Rusiyadan Qazaxıstana keçən şəxslər təhvil verilməyəcək

Dünya | 14:54 • 27 Sentyabr 2022
Səfərbərlikdən yayınaraq Rusiyadan Qazaxıstana keçən şəxslər təhvil verilməyəcək

Qazaxıstanın hakimiyyət orqanları Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarları təhvil verə bilər. Burada səfərbərlik çərçivəsində Rusiyanın hərbi komissarlıqları tərəfindən axtarışda olan vətəndaşlardan söhbət getmir.

Qazaxıstan mediası xəbər yayıb ki, bu barədə respublikanın daxili işlər naziri Marat Əhmədcanov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Biz Qazaxıstanla Rusiya arasında hüquqi yardım haqqında ratifikasiya olunan sazişə əsaslanmalıyıq. Lakin bir istisna var – həmin əməllər hər iki ölkədə cinayət məsuliyyəti yaratmalıdır. Belə hallarda beynəlxalq hüquqa görə cinayətkarı qarşı tərəfə təhvil verməliyik”, - deyə nazir Rusiyada səfərbərlikdən yayınan şəxslərlə bağı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, ekstradisiyaya əsas üçün cinayət işi başlanmalıdır və Rusiya vətəndaşlarının hərbi komissarlıqlar tərəfindən axtarılması bunun üçün hüquqi əsas deyil.

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, sentyabrın 21-dən bu yana ölkə ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, 64 mindən çoxu isə respublikanı tərk edib.

Xəbər lenti