Xəzər Xəbər

Corciya Meloni İtaliyanın ilk qadın baş naziri oldu – Nələr dəyişəcək?

Dünya | 13:33 • 27 Sentyabr 2022
Corciya Meloni İtaliyanın ilk qadın baş naziri oldu – Nələr dəyişəcək?

İtaliyada II Dünya müharibəsindən sonra seçicilər ilk dəfə sağçılara səs verib.  Dünən keçirilən parlament seçkilərdə radikal sağçıların lideri Corciya Meloni qalib gəldiyini elan edib. 45 yaşlı Meloni bununla İtaliyanın ilk qadın baş naziri olub.

Maraqlıdır, İtaliyada yeni sağçı hökumətin xarici siyasəti necə olacaq?

Bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, fundamental dəyişiklik gözləmək üçün hər hansı əsas yoxdur.  O, həmçinin qeyd edib ki, Giorgia Meloninin Fransa radikal sağının lideri Marin Le Pen və Macarıstanın ifrat sağçı avtokratı Viktor Orbanla eyniləşdirilməsi qüsurludur:

“Onları konservativ dünyagörüş birləşdirsə də, Meloninin xarici siyasət vizyonu tamam fərqlidir. O, Le Pen və Orbandan fərqli olaraq, atlantikçidir və Brüssel bürokratiyasını tənqid etsə də, Avropa Birliyi layihəsinin, avrozonanın tərəfdarıdır.  Meloni, Salvini və Berluskoni arasında razılaşdırılmış seçkiqabağı manifestdə İtaliyanın Atlantik ittifaqın tərkib hissəsi olaraq öz öhdəliklərinə, eləcə də Avropa inteqrasiyasına tam bağlı qalacağı vurğulanıb. Bu səbəbdən yeni hökuməti avroskeptik olaraq dəyərləndirmək yanlış olar.   Ümumi Daxili Məhsulunun 150%-i həcmində borcu olan İtaliya AB-nin dəstəyinə ciddi ehtiyac duyur. Təkcə onu qeyd etmək kifayətdir ki, AB postcovid dövrü üçün İtaliyaya 200 milyard avro yardım ayırıb. Hansı hökumət bu cür səxavətli mənbədən özünü məhrum edər? Meloni müxalifətdə olarkən Ukrayna müharibəsi ilə bağlı Mario Dragi hökumətinin və ümumilikdə Qərbin siyasətini müdafiə edib. “İtaliya qardaşları” parlamentdə keçirilən səsvermədə Ukraynaya silah verilməsinə tərəfdar çıxıb. Bu partiyadan olan senator Adolfo Ursi Ukraynaya səfər edərək dəstək ifadə edib”.

Ekspert bildirib ki, koalisiyanın digər üzvləri - “Liqa” və “İrəli, İtaliya!” partiyalarının aldığı səs miqdarı onların yeni hökumətdə şərt diktə edən tərəf olmasını çətinləşdirəcək və əsas söz sahibi böyük ortaq olacaq:

“Matteo Salvini və qoca mafioz Silvio Berluskoni rusiyayönümlü kimi tanınmalarına baxmayaraq, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni onlar da tənqid edir.  “İtaliya qardaşları”nın uğurunun səbəblərinə gəldikdə isə burada qeyri-adi bir məsələ yoxdur. Covid-19 sonrası sosial-iqtisadi çətinliklər, yüksələn inflyasiya və miqrant problemi Avropada sağ partiyalara meyli artırır”./sfera.az

Xəbər lenti