Xəzər Xəbər

BMT-də iqlim dəyişməsi problemləri ilə bağlı liderlərin görüşü keçirilib

Dünya | 13:13 • 22 Sentyabr 2022
BMT-də iqlim dəyişməsi problemləri ilə bağlı liderlərin görüşü keçirilib

BMT-nin mənzil-qərargahında Baş Assambleyanın sessiyası çərçivəsində dövlət və hökumət başçılarının görüşü keçirilib, iclasda iqlim dəyişikliyi problemləri müzakirə olunub.

Bu barədə BMT-nin Xəbərlər xidməti məlumat yayıb.

Bildirilir ki, BMT-nin Baş katibi Antonio Quterreş ölkələrin liderləri ilə özünün bu yaxınlarda şahidi olduğu fövqəladə iqlim vəziyyəti barədə danışıb: bu yaxınlarda o uzunmüddətli musson yağışlarından əziyyət çəkən Pakistana səfər edib.

Qeyri-rəsmi danışıqlar zamanı dörd ən mühüm məsələyə baxılıb: tullantıların yaratdığı nəticələrin yumşaldılması, iqlim dəyişməsi ilə mübarizə üzrə fəaliyyətin maliyyələşdirilməsi, yeni reallıqlara uyğunlaşma, eləcə də itki və zərərlərin qarşılığının ödənilməsi.

A.Quterreş liderlərə bildirib ki, tullantılar 2030-cu ilə qədər təxminən iki dəfə azaldılmalıdır, lakin hazırda tendensiya elədir ki, onlar əksinə 14 faiz arta bilər. O dünyanın aparıcı iqtisadiyyatları – “G-20” ölkələrinin nümayəndələrini mərhələ-mərhələ kömürdən imtina etməyə, bərpa olunan enerji mənbələrinə sərmayələri artırmağa və “qazıntı yanacaqdan asılılığa” son qoymağa çağırıb.

2015-ci ildə imzalanan Paris iqlim sazişi çərçivəsində inkişaf etməkdə olan ölkələrə qlobal istiləşmənin nəticələrinin öhdəsindən gəlməyə kömək edəcək təşəbbüslərin maliyyələşdirilməsi üçün ildə 100 milyard dollar vəd edilib. Bu məqsədə hələ ki, nail olunmayıb. BMT rəhbəri bildirib ki, inkişaf etməkdə olan dünya qarşısında maliyyə öhdəlikləri dərhal və tam həcmdə icra edilməlidir.

“Mən 2025-ci ilə kimi uyğunlaşma dəstəyinin ildə 40 milyard dollara qədər iki dəfə artırılmasının zəruriliyini vurğuladım. İqlim dəyişməsi artıq indi baş verir. İnsanlar artıq indi ondan əziyyət çəkirlər”, – deyə Antonio Quterreş jurnalistlərə bildirib.

Baş katib COP-27-də də iqlim ədaləti, beynəlxalq həmrəylik və etibar məsələlərinin müzakirə ediləcəyinə ümid etdiyini ifadə edib.

BMT rəhbəri hesab edir ki, beynəlxalq maliyyə institutları da bu sahədə fəaliyyətini gücləndirməli və inkişaf etməkdə olan ölkələrin borc yükünü yüngülləşdirərək, onlara kömək etməlidirlər. Bundan əlavə, resurslara ehtiyacı olan ölkələrin əldəetmə imkanlarını genişləndirmək lazımdır.

Xəbər lenti