Xəzər Xəbər

İrəvandakı partlayışda zərər çəkənlərin yaxınları xilasetmə işlərindən narazıdırlar

Dünya | 18:29 • 15 Avqust 2022
İrəvandakı partlayışda zərər çəkənlərin yaxınları xilasetmə işlərindən narazıdırlar

Avqust ayının 14-də Ermənistan paytaxtındakı “Surmalu” ticarət mərkəzindəki partlayışdan 24 saat keçsə də, xilasetmə işlərinin tempi zərərçəkmişlərin hadisə yerinə yığılan yaxınlarını qane etmir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “news.am” kanalının yaydığı reportajda zərərçəkmişlərin yaxınları bildiriblər.

Partlayış zamanı uçqun altında qalan bacılarından biri ağır yaralansa da, digər bacısı itkin düşmüşlərin siyahısında olan Vanik Karapetyan partlayışdan dərhal sonra hadisə yerinə gəldiyini bildirərək deyib: “Bacım dağıntılar altındadır və biz aparılan xilasetmə işlərindən narazıyıq. Gecə burada ancaq zərərçəkmişlərin yaxınları, az sayda xilasedici və bir traktordan savayı heç kim olmayıb”.

Vanik xilasetmə işləri ilə məşğul olan hakimiyyət orqnalarının məsələyə ciddi yanaşmadıqlarından gileylənir. “Gecə burada olduğumuz müddətdə həmin qurumlardan olan məsul şəxslərin heç nə olmamış kimi deyib-gülmələrinin şahidi oldum. Gecəyə yaxın nazir müavini gəldi, guya işlərin gedişi ilə maraqlandı və dərhal ərazini tərk etdi”, - deyə o qeyd edib.

Xatırladaq ki, rəsmi məlumata görə, partlayış və yanğın yerində 6 meyit tapılıb, 10 nəfər dağıntılar altından çıxarılıb.

Xəbər lenti