Xəzər Xəbər

Çində yeni ölümcül virus aşkarlandı – Köstəbək və kirpilərdən keçib...

Dünya | 12:35 • 10 Avqust 2022
Çində yeni ölümcül virus aşkarlandı – Köstəbək və kirpilərdən keçib...

Çində daha bir virus aşkarlanıb.

Səhiyyə işçiləri sözügedən ölkədə onlarla insanı yoluxduran yeni virusla bağlı növbəti dəfə həyəcan təbili çalıblar. Belə ki, Şərqi Henan və Şandun əyalətlərində 35 nəfərdə “Langya” henipavirusu (və ya LayV) aşkar edilib.

Mütəxəssislər virusun köstəbək və kirpi ilə eyni ailədən olan kiçik gəmiricilərdən keçdiyini düşünürlər. Məlumata görə, virusu araşdıran çinli mütəxəssislər insana yoluxma hallarının "təsadüfi" olduğunu bildirsələr də, onun insandan insana keçməsi ilə bağlı tədqiqatlar aparırlar.

Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun rəhbərlik etdiyi tədqiqatçılar “New England Journal of Medicine” jurnalında apardıqları araşdırmada “LayV” kimi tanınan virusla bağlı əldə etdikləri nəticələri dərc ediblər. Yazıda virusun insanlarda ilk dəfə 2019-cu ildə aşkar edildiyi, ən son yoluxmaların bu il olduğu açıqlanıb. Qeyd olunub ki, çinli həkimlər həmin ilin yanvarından əvvəl Şandunqda ilk yoluxma faktını müəyyənləşdirib, növbəti il isə Henan və Şandunqda 14 yoluxma hadisəsi qeydə alınıb.

Çində aşkar edilən yeni halların heç biri ölümlə nəticələnməyib. Çox yüngül hallarda xəstələr qripə bənzər simptomlarla qarşılaşıblar. Buna baxmayaraq vurğulanıb ki, “Langya”, ağır yoluxmaların 75 faizini öldürdüyü bilinən viruslar ailəsinə aiddir. 2020-ci ilin yanvar-iyul aylarında pandemiyanın ilk ilində heç bir “Langya” infeksiyası aşkar edilməyib və tədqiqatçılar koronavirusun yayılmasının qarşısını almaq üçün bu virus üzərində işi dayandırıblar. Lakin 2020-ci ilin iyul ayına olan məlumata görə, daha 11 hadisə müəyyən edilib. Tədqiqatçılar insanların virusdan nə qədər pis təsirləndiyini görmək üçün xəstələrdə simptomları izləyiblər. Bildirilib ki, “Langya” xəstələrinin ən çox əziyyət çəkdiyi simptom qızdırma olub. Əlamətlər sırasında həmçinin,  yorğunluq (54 faiz), öskürək (50 faiz), iştahsızlıq (50 faiz), əzələ ağrıları (46 faiz) və ürəkbulanma (38 faiz) da yer alıb. Xəstələrin təxminən 35 faizində qaraciyər problemi, 8 faizində isə böyrək funksiyasında azalma müşahidə olunub. Araşdırmaçılar virusu Çinin epidemiyanın başladığı iki əyalətində tədqiq edilən 262 kiçik köstəbənzər məməlinin 71-də aşkar ediblər. Virusa həmçinin  itlərdə (5 faiz) və keçilərdə (2 faiz) də rast gəlinib.

Qeyd edək ki, “Langya” yarasalarda tez-tez rast gəlinən ölümcül patogen olan “Nipah” virusu ilə eyni ailədən olan hepinavirusdur. Koronavirus kimi, Nipah da tənəffüs damcıları ilə yayıla bilər.  “Nipah” isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən növbəti pandemiyaya səbəb ola biləcək viruslar siyahısına salınıb. Hazırda insanlar üçün təsdiqlənmiş “Nipah” peyvəndi yoxdur. Lakin Oksford Universiteti tərəfindən hazırlananlar da daxil olmaqla, ən azı səkkiz vaksin heyvanlar üzərində sınaqdan keçirilir./sfera.az

Xəbər lenti