Xəzər Xəbər

G7 sammitinin gündəliyi açıqlandı: əsas mövzu budur

Dünya | 15:28 • 26 İyun 2022
G7 sammitinin gündəliyi açıqlandı: əsas mövzu budur

G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri Almaniyanın cənubunda üçgünlük danışıqlar aparacaqlar.

Əsas mövzunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının nəticələri olacağı gözlənilir.

Kansler Olaf Şoltsun dəvəti ilə ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, Kanada baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Mario Draqi və Yaponiyanın baş naziri Fumio Kişida Elmauda bir araya gələcəklər.

Görüş günorta saatlarında başlayacaq. Proqrama əsasən, ilk gün üç iş sessiyası keçiriləcək. G7 liderləri iqlim dəyişikliyi ilə mübarizə, enerji qiymətlərinin artmasının nəticələri və neft-qaz tədarükündən asılılığın azaldılması, Kiyevə uzunmüddətli maliyyə və hərbi yardımın göstərilməsi, Ukraynadan taxıl ixracı problemi və ərzaq təhlükəsizliyi məsələlərini, İran, Çinlə əlaqələr və digər mövzuları ayrıca nəzərdən keçirəcəklər.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri, xüsusən iyunun 26-da Şolts və Bayden arasında danışıqlar baş tutacaq. İyunun 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə G7 sammitində iştirak edəcək. Bundan əlavə, G7-nin tərəfdaş ölkələri - Seneqal, Cənubi Afrika Respublikası, Hindistan, İndoneziya və Argentina, eləcə də bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT, ÜTT, ÜST, Dünya Bankının nümayəndələri ikinci gün iclasa qatılacaqlar. İyunun 28-də Şolts sammitin ev sahibi kimi onun nəticələrinə yekun vuracaq./Publika.az

Xəbər lenti