Xəzər Xəbər

Dünyada koronavirusdan ölüm halları azalıb

Dünya | 13:11 • 23 İyun 2022
Dünyada koronavirusdan ölüm halları azalıb

Ötən həftə ərzində dünyada 3,36 milyondan çox insan koronavirusa yoluxub, bu səbəbdən ölənlərin sayı 7,5 mindən çox olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində məlumat yer alıb.

Qeyd olunub ki, əvvəlki yeddi günün müvafiq göstəriciləri ilə müqayisədə ölüm hallarının sayı 16 faiz, yoluxma hallarının sayı 4 faiz azalıb.

İnformasiya bülletenində göstərilir ki, həftə ərzində qeydiyyata alınmış yeni yoluxma hallarının sayı azalmaqda davam edib. ÜST-yə daxil olmuş məlumata görə, ötən həftə 3.360.453 nəfər yoluxub, 7.592 nəfər vəfat edib.

Yoluxanların daha əhəmiyyətli dərəcədə azalması Afrikada qeydə alınıb (21 faiz). Bununla bərabər, xəstəliyin nəzərəçarpacaq dərəcədə artması Cənub-Şərqi Asiyada (46 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (45 faiz) müşahidə olunub. Cənub-Şərqi Asiyada ölüm halları 4 faiz artıb. Eyni zamanda Afrikada bu göstərici 24 faiz, Avropada isə 26 faiz azalıb.

Həftə ərzində yeni yoluxma hallarının ən çoxu ABŞ-da qeydə alınıb (652 217), sonrakı yerləri Çin (406.401), Almaniya (356.414), Braziliya (256.034) və Fransa (253.322) tutur. Yeddi gün ərzində ən yüksək ölüm halları da ABŞ-da qeydiyyata alınıb (1.858). Sonrakı yerləri Çin (1.044), Braziliya (956), Rusiya (443) və İtaliya (338) tutur.

Xəbər lenti