Xəzər Xəbər

Qum fırtınası 4 nəfərin həyatına son qoydu

Dünya | 14:46 • 17 May 2022
Qum fırtınası 4 nəfərin həyatına son qoydu

İraqda qum fırtınası səbəbindən 5 min nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, 4 nəfər isə həyatını itirib.

Bundan başqa, Bağdad və Nəcəf şəhərlərinin hava limanı bağlanıb, bütün xarici və yerli təyyarə reysləri təxirə salınıb. Aprelin əvvəlindən başlayaraq artıq 8-ci dəfədir ki, İraq qum fırtınasından əziyyət çəkir. Ölkənin səhiyyə naziri Seyfi Bədri jurnalistlərə bildirib ki, ürək-damar və tənəffüs yollarında problem olan xəstələr risk qrupuna aid olduqları üçün onların küçəyə çıxması xüsusilə təhlükəlidir. Bu tip xəstələr havalandırılan qapalı yerlərdə qalmalıdırlar.

İraq sinoptikləri bildirib ki, su çatışmazlığı, quraqlıq və havaların yağmursuz və isti keçməsi qum fırtınasının yaranmasına səbəb olur.

İraq mətbuatının məlumatına görə, Bağdad da daxil olmaqla ölkənin 18 vilayətində dövlət qurumları, məktəb və ictimai iaşə obyektləri bağlanıb. İnsanların evdən bayıra çıxması qadağan edilib. Qum pəncərələrdən evlərə də dolur. Buna görə də pəncərələrin möhkəm bağlanması tövsiyə edilib.

Qeyd edək ki, İraqdakı qum fırtınası İrana da təsir edib. Küləklə İrana daxil olan toz Tehran və bir sıra digər şəhərlərdə havanın həddindən artıq çirklənməsinə səbəb olub. (AZƏRTAC)

Xəbər lenti