Xəzər Xəbər

Ukrayna üçün tarixi qərar: ABŞ Senatı RƏSMƏN TƏSDİQLƏDİ

Dünya | 10:54 • 17 May 2022
Ukrayna üçün tarixi qərar: ABŞ Senatı RƏSMƏN TƏSDİQLƏDİ

ABŞ Senatı səs çoxluğu ilə Ukraynaya 40.1 milyard dollarlıq yardım paketi ilə bağlı səsverməni təsdiqləyib.

Bu barədə məlumat qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

Qanun layihəsinin qəbulu təklifi üzrə müzakirələrin başa çatdırılması məsələsinin lehinə 81 senator, əleyhinə isə 11 qanunverici səs verib.

Belə ki, paket üzrə müzakirə üçün ayrılan vaxt 30 saatla məhdudlaşdırılıb. Gözlənildiyi kimi, mayın 18-də senatorların əksəriyyəti bu təşəbbüsü təsdiq edəcək, daha sonra ABŞ Prezidenti Co Bayden onu imzalayacaq.

Qanun layihəsi üzrə yekun səsvermə həftənin sonuna planlaşdırılır. Bildirilib ki, Kentukki ştatından olan respublikaçı senator Rend Pol qanun layihəsinin sürətləndirilmiş qəbuluna mane olub.

Ötən həftə Konqresin Nümayəndələr Palatası Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsini təsdiqləyib. 368 konqresmen (hamısı demokratlar və respublikaçıların əksəriyyəti) onun lehinə, 57 respublikaçı isə əleyhinə səs verib.

Paket haqqında

Qanun layihəsi Ukrayna ordusu və milli təhlükəsizlik qüvvələrinə təlim, avadanlıq, silah, maddi-texniki dəstək, təchizat və xidmətlər daxil olmaqla 6 milyard dollarlıq təhlükəsizlik yardımını, qaçqınlara isə 900 milyon dollar dəstək, o cümlədən onların mənzillə təmin olunmasını və dil kursunu nəzərdə tutur.

Qanun layihəsində nəzərdə tutulan vəsaitin təxminən 8,7 milyard dolları "Ukraynada təcili ehtiyacların ödənilməsi üçün" İqtisadi Dəstək Fonduna yönəldiləcək. Qeyd olunur ki, Nümayəndələr Palatasının təklif etdiyi qanun layihəsində Ukraynaya hərbi və humanitar yardım üçün əlavə 3,4 milyard dollar nəzərdə tutulub.

Co Bayden daha əvvəl Konqresə əlavə maliyyə üçün sorğu göndərmişdi. O, ilkin olaraq Kiyevə plandan artıq yardım üçün 33 milyard dollar ayırmağı təklif edib. Sonradan Konqresdə bu məbləğ 40 milyard dollara yüksəlib. Xüsusən də hərbi texnikanın təminatına daha çox vəsaitin ayrılması təklif edilib. Beləliklə, təqribən 20 milyard dollar birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına, həmçinin Amerikanın silah ehtiyatlarının artırılmasına yönəldiləcək. /publika.az

Xəbər lenti