Xəzər Xəbər

İrəvanda ETİRAZ DALĞASI - Ermənistan ÇALXALANIR

Dünya | 09:03 • 17 May 2022
İrəvanda ETİRAZ DALĞASI - Ermənistan ÇALXALANIR

Müxalifət mayın 17-də səhər saatlarından Yerevanda küçələri bağlamağa davam edəcək. 

XəzərXəbər "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə "Müqavimət" hərəkatının liderlərindən biri İşxan Saqatelyan məlumat verib.

"Sabah saat 08:00-da paytaxtda dinc itaətsizlik və etiraz aksiyalarına başlayırıq. Vətəndaşları aksiyalara qoşulmağa çağırırıq. Biz yolları, nəqliyyatı bağlayacağıq, bütün şəhər iflic vəziyyətinə düşməlidir", - Saqatelyan bildirib.

O, dövlət qulluqçularına müraciət edərək, onları rəhbərliyə işdən yayınmağın əsaslı səbəbi - şəhərin iflic olacağı barədə məlumat verməyə çağırıb. Saqatelyan həmçinin tələbələri dərsə getməməyə, müxalifətə qoşulmağa səsləyib.

"Nikol Paşinyanın istefası ilə bağlı ictimai tələb formalaşıb, bu, aşkar faktdır. Göstərilməlidir ki, artıq ölkədə Paşinyanın hakimiyyəti yoxdur, o, xalqındır" - siyasətçi bildirib.

Müxalifətçi mitinqlərin bütün iştirakçılarını təxribatlara uymamağa, heç kimlə münaqişəyə girməməyə çağırıb. Onun sözlərinə görə, baş nazirin yalnız polis və təxribatçı qruplar şəklində dəstəyi var.

Oxşar çağırışı Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da edib. O qeyd edib ki, polislə toqquşmaya, hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə, şöbələrə aparılmaları üçün zəmin yaratmağa ehtiyac yoxdur.

Xatırladaq ki, artıq bir neçə həftədir ki, Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə müxtəlif vətəndaş itaətsizliyi aksiyaları keçirilir.

Xəbər lenti