Xəzər Xəbər

İran prezidenti Rəşt-Astara dəmir yolunda aparılan işlərlə tanış olub

Dünya | 18:44 • 28 Yanvar 2022
İran prezidenti Rəşt-Astara dəmir yolunda aparılan işlərlə tanış olub

Yanvarın 28-də İran islam Respublikasının Prezidenti İbrahim Rəisi Gilan vilayətinə səfəri çərçivəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunda aparılan inşaat işləri ilə tanış olub.

İran Prezidenti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin İran və digər region dövlətləri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Prezident nəzərə çatdırıb ki, bu yol İranın və qonşu dövlətlərin ticarət və tranzit imkanlarını artıracaq və büdcəyə valyuta axınını təmin edəcək. İbrahim Rəisi aparılan işlərlə maraqlanıb və yolun tikintisinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Nəzərə çatdıraq ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən bu yol körfəz ilə Şərqi Avropa və MDB ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Körfəz ölkələrinə daxil olan yüklər bu yolla daşınacaq. İranın Bəndər Abbas limanından Avropaya və əks istiqamətə daşınan yüklər limanda qatarlara yüklənəcək və Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə idxal və ixrac ediləcək. İranın Astara şəhərindən Azərbaycana daxil olan yüklər buradan dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq ki, Azərbaycan da tranzit rolunu oynayaraq valyuta əldə edəcək.

Xəbər lenti