Xəzər Xəbər

Lavrov-Blinken görüşü yekunlaşdı TƏFƏRRÜAT

Dünya | 09:12 • 22 Yanvar 2022
Lavrov-Blinken görüşü yekunlaşdı

Rusiya Xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında ötən ilin sonunda təqdim olunan təhlükəsizlik zəmanətləri ilə bağlı Moskvanın təkliflərinə həsr olunmuş üçüncü görüş Cenevredə baş tutub.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirilən görüşü dəyərləndirərək, onu faydalı və səmimi adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ Dövlət katibi cümə günü, yanvarın 21-də Cenevrədə görüş keçiriblər. Bu, iki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin üçüncü görüşüdür. Birinci görüş 2021-ci ilin mayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində, ikincisi isə ötən ilin dekabrında Stokholmda ATƏT nazirlərinin iclası zamanı baş tutub.

“Mən bu gün danışdığımız hər şeyi, bütün etdiyimiz müzakirələri və faydalı səmimi söhbətimizin nə ilə bitdiyini söylədim”, - deyə Lavrov Blinkenlə görüşdən sonra bildirib.

Nazirin qeyd etdiyi kimi, Rusiya ilə ABŞ arasında danışıqların düzgün irəliləyib-irəliləməməsi haqda Moskvanın ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı kağız üzərində cavab almasından sonra mühakimə yürütmək mümkün olacaq.

“Mən deyə bilmərəm, biz düzgün və ya səhv yoldayıq. Biz bunu ABŞ-ın təkliflərimizin bütün məqamlarına kağız üzərində cavabını alanda anlayacağıq”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Bu yaxınlarda Lavrov bildirib ki, Blinken onunla Cenevrədə baş tutan görüşdə Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib.

Prezidentlərin görüşü haqda

Sergey Lavrov ABŞ Dövlət katibi ilə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə yeni görüşlərə hər zaman hazır olduğunu bildirib. Eyni zamanda, nazir qeyd edib ki, növbəti sammitin təşkili məsələsində tələsməyə ehtiyac yoxdur.

“Gəlin tələsməyək”, - o qeyd edib.

“Prezident Putin hər zaman prezident Baydenlə görüşməyə hazırdır. Aydındır ki, bu görüşlər ciddi şəkildə hazırlanmalıdır ki, liderlərimizin potensialından istifadə nəticəsində nəyə nail olacağımız aydın olsun”, - deyə Lavrov əlavə edib.

Bu arada, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında növbəti görüş Vaşinqtondan Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavablar alındıqdan sonra təyin edilib.

“Biz təkliflərimizə rəsmi cavab gözləyirik, bundan sonra öz səviyyəmizdə növbəti görüş planlaşdırırıq”, - deyə nazir bildirib.

Lavrovun xatırlatması və Blinkenin vədi

Lavrovun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın NATO-nun genişlənməməsi ilə bağlı öz öhdəliyinə necə yanaşdığını izah edəcəyinə söz verib.

Rusiyalı nazir yenidən baş tutan görüşdə Şimali Atlantika Alyansının genişlənməsinə son qoymağa çağırıb.

“NATO-nun Şərqə sonsuz genişlənməsinin dayandırılmasının zəruriliyinə dair prinsipial yanaşmamıza gəlincə, biz, əlbəttə ki, bunu təkrarladıq. Entoni Blinken ittifaqları seçmək hüququ ilə bağlı mövqeyini təkrarladı. Mən, əvvəllər də qeyd etdiyim kimi, ABŞ-ın ATƏT çərçivəsində ittifaqları seçmək hüququ ilə yanaşı, yüksək səviyyədə təsdiqlənmiş öhdəliklərini - başqalarının təhlükəsizliyini pozmaqla heç kimin təhlükəsizliyini möhkəmləndirməmək öhdəliyini necə yerinə yetirəcəyini soruşdum. O, ABŞ-ın bu öhdəliyinin yerinə yetirilməsinə necə münasibət bildirəcəyini izah edəcəyinə söz verib”, - deyə Lavrov bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Entoni Blinkenlə görüşdə Rusiyanın Kuba və Venesuelada hərbi infrastrukturunun yerləşdirilməsi barədə mövzusuna toxunulmayıb.

“Biz bu gün bu mövzuya toxunmadıq”, - deyə nazir mətbuat konfransında qeyd edib.

ABŞ-a müraciət

Görüşdə S.Lavrov E.Blinkeni Minsk razılaşmalarının həyata keçirilməsi məqsədilə Kiyevə təsirindən istifadə etməyə çağırıb.

“Mən onu yenidən Kiyev rejiminə həlledici təsirdən istifadə etməyə çağırdım ki, o bir daha fikirləşsin və bu ən mühüm sənədi (Minsk razılaşmaları) sabotaj etməyi dayandırsın”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri Cenevrədəki danışıqlardan sonra Qərbin emosiyalarının sakitləşəcəyinə ümid etdiyini də dilə gətirib: “Biz bu barədə Toni Blinkenlə açıq danışdıq və o, daha ağlabatan dialoq aparmağa razı olduğunu bildirdi. Ümid edirəm ki, emosiyalar azalacaq, baxmayaraq ki, heç bir təminat yoxdur”, - deyə Lavrov ABŞ Dövlət katibi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı söhbətini şərh edərkən bildirib./Publika.az 

Xəbər lenti