Xəzər Xəbər

Ölkə fəlakətə sürüklənir - Beşikdəki körpələri də evləndirməyə başladılar

Dünya | 10:46 • 25 Noyabr 2021
Ölkə fəlakətə sürüklənir - Beşikdəki körpələri də evləndirməyə başladılar

ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılması və Talibanın hakimiyyəti ələ keçirməsi ilə çətin günlər keçirən Əfqanıstan indi terror və müharibədən başqa yeni təhlükə ilə üz-üzədir: işsizlik və ödənilə bilməyən borclar. Ölkənin çökmüş iqtisadiyyatının altında qalaraq əzilən xalq daha da ümidsizliyə qapılıb.

Borcunu ödəyə bilməyən, aclıq təhlükəsi ilə üz-üzə qalan bir çox ailələr qızlarını, hətta beşikdəki körpələrini ərə verib cehiz pullarını alırlar.

Çörək zavodunda fəhlə işləyən Fəzal ötən ay 13 və 15 yaşlı qızlarını özündən iki dəfə böyük kişilərə ərə verdikdən sonra 3000 dollarlıq cehiz alıb. O qorxur ki, pulu qurtarsa, yeddi yaşlı qızı da digərlərinin aqibətini yaşayacaq.

“Mənim ailəmi dolandırmaqdan, borcumu ödəməkdən başqa yolum yox idi, başqa nə edə bilərdim?”, - Fəzal deyib.

Qadın hüquqları müdafiəçiləri deyirlər ki, Taliban hakimiyyəti ələ keçirdikdən sonra yoxsulluqla yanaşı, azyaşlı nikahları da artıb. Yoxsul ailələr gələcək evliliklər üçün körpə qızlarını satıb cehiz pulu alıblar.

Taliban geri qayıtmazdan əvvəl də ölkədə geniş yayılmış azyaşlı nikah nisbətinin yaxın aylarda təxminən iki dəfə artacağı təxmin edilir. Son araşdırmalar göstərir ki, Əfqanıstanda qızların 28%-i 18 yaşına çatmamış, 4%-i isə 15 yaşından əvvəl zorla evləndirilir.

BMT-nin məlumatına görə, quraqlıq və iqtisadi çöküşdən əziyyət çəkən Əfqanıstan dünyanın ən qorxunc humanitar böhranına yuvarlanmağa hazırlaşır. Qış yaxınlaşdıqca milyonlarla insan aclığın astanasına çatıb. 2022-ci ilin ortalarına qədər ev təsərrüfatlarının 97%-i yoxsulluq həddinin altına düşə bilər./Teleqraf.com 

Xəbər lenti