Xəzər Xəbər

Azərbaycan öz ərazilərini bərpa etməyə və məcburi köçkünləri oraya qaytarmağa qadirdir - Rusiyalı politoloq

Dünya | 16:11 • 13 Oktyabr 2021
Azərbaycan öz ərazilərini bərpa etməyə və məcburi köçkünləri oraya qaytarmağa qadirdir - Rusiyalı politoloq

Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana belə tezliklə, 44 gün ərzində məğlub olacağını gözləmirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qoşunlarının 44 gün ərzində qazandığı parlaq Qələbə Azərbaycan xalqının öz məqsədlərinə nail olmaq əzmini və imkanlarını bütün dünyaya göstərdi.

Politoloq, jurnalist, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

Politoloq deyib: “Azərbaycan Ordusunun nümayiş etdirdiyi müharibə aparılmasının müasir formaları və üsulları hələ uzun illər boyu beynəlxalq ekspertlər tərəfindən öyrəniləcək, ona görə ki, dronların tamamilə yeni formada tətbiqi bütün dünyaya göstərdi ki, artıq böyük döyüş hissələrindən deyil, vəzifələrin icrası üçün kiçik xüsusi bölmələrdən istifadə edilməklə yeni, yüksək texnoloji müharibələr erası başlanır”.

Y.Mixaylovun fikrincə, ötən bir il həm də Azərbaycan xalqının işğaldan azad edilmiş əraziləri qısa müddətdə bərpa etmək imkanlarını göstərdi. O deyib: “Yeni aeroport tikilib, yollar salınıb. Şuşanın bərpası işləri tam sürətlə davam edir. Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib. Mənim fikrimcə, yaxın aylarda şəhər tamamilə bərpa olunacaq. Dünya birliyi, çoxsaylı iri şirkətlər Qarabağın bərpasında iştirak etmək arzusundadırlar. Azərbaycanın öz ərazilərini bərpa etməyə və azərbaycanlı məcburi köçkünləri oraya qaytarmağa gücü çatar. Əminəm ki, Qarabağ tamamilə başqalaşacaq, müasir və iqtisadi cəhətdən inkişaf etmiş diyar olacaq”.

Politoloq Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsini də qeyd edib. Y.Mixaylov sonda deyib: “Azərbaycan və sülhyaratma prosesində onun tərəfdaşları – ilk növbədə, Türkiyə və Rusiya Ermənistanı, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası barədə əldə edilmiş razılaşmaları yerinə yetirməyə məcbur etməyə çalışırlar, Zəngəzur dəhlizinin açılması üzrə iş gedir. İndi nailiyyətlər haqqında çox danışmaq olardı, lakin bütün bunlar 44 günlük müharibə nəticəsində mümkün olub. Bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və torpaqların sülh yolu ilə qaytarılması barədə çoxillik səmərəsiz danışıqlara nöqtə qoyub. Ermənistan məğlub olub. Bu məğlubiyyət ona öyrətməlidir ki, qonşularla dinc yanaşı yaşamağı və razılığa gəlməyi öyrənmək lazımdır. Erməni tərəfin Azərbaycan ilə sərhədlərdə mütəmadi olaraq törətməyə çalışdığı bütün provokasiyalar puç oldu, onlar rusiyalı sülhməramlıları təqsirkar kimi qələmə verirlər. Ermənistan bu münaqişəyə üçüncü ölkələri, o cümlədən ABŞ və Fransanı cəlb etməyə çalışırdı. Bütün bu provokasiyalar da nəticəsiz qaldı, bu ölkələr Ermənistanın dediklərinə uymadılar. Mənim fikrimcə, Ermənistanda anlamağa başlayıblar ki, vəziyyəti gərginləşdirmək olmaz. Son vaxtlar həm Ermənistanın baş nazirinin, həm də başqa şəxslərin sülh müqaviləsi imzalamağın mümkünlüyü barədə kifayət qədər pozitiv çıxışları eşidilir. Mənim fikrimcə, yaxın gələcəkdə müqavilə imzalanacaq”.

Xəbər lenti

Çox oxunanlar