Xəzər Xəbər

Partlayış nəticəsində yeddi sülhməramlı həlak olub

Dünya | 15:55 • 25 Sentyabr 2021
Partlayış nəticəsində yeddi sülhməramlı həlak olub

Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqının sülhməramlı missiyasının yeddi hərbçisi həlak olub.

AZƏRTAC Somali Guardian portalına istinadla xəbər verir ki, əldəqayırma partlayıcı qurğu sülhməramlıların avtomobil karvanı Şabelle vilayətinin Mahaday şəhəri rayonundan keçən zaman işə salınıb. Nəticədə zirehli transportyor məhv edilib, Burundi kontingentinin yeddi sülhməramlısı həyatını itirib. Hadisənin məsuliyyətini ölkədə fəaliyyət göstərən “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının razılığı ilə Afrika İttifaqının mandatı altında həyata keçirilən regional sülhməramlı missiya - AMISOM Somalidə 2007-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Missiyada Uqanda, Burundi, Efiopiya, Keniya və Cibuti hərbi kontingentləri ilə təmsil olunur. Hazırda Somalidə fəaliyyət göstərən sülhməramlıların sayı 20,6 min nəfərə çatır.

2004-cü ildə yaradılmış “Əş-Şəbab” qruplaşması Somalidə şəriət qanunlarının hakim olması uğrunda mübarizə aparır və hökumət qüvvələrinə və sülhməramlılara qarşı vaxtaşırı hücumlar təşkil edir. Geniş ərazilərə nəzarəti ələ keçirən qruplaşma 2011-ci ilin yayında Somalinin paytaxtı Moqadişodan geri çəkilərək hökumət qüvvələri və müttəfiqlərinə qarşı partizan müharibəsinə başlayıb. “Əş-Şəbab” qruplaşması təxminən 7 min əsgəri qüvvəyə malikdir.

Xəbər lenti