Xəzər Xəbər

“Huawei”in maliyyə direktoru sərbəst buraxıldı

Dünya | 09:33 • 25 Sentyabr 2021
“Huawei”in maliyyə direktoru sərbəst buraxıldı

Kanada məhkəməsi Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin maliyyə direktoru Men Vancounun sərbəst buraxılmasına qərar verib.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, məhkəmə bu qərarı Men Vancounun ABŞ-ın Ədliyyə Nazirliyi ilə istintaq barədə razılıq əldə etməsindən sonra verib. Məhkəmə xanım Men Vancouya qarşı məhkəmə işini dayandırıb və onun Kanadanı tərk etməsinə icazə verib. Qərarın elan olunmasından bir neçə saat sonra 2018-ci ilin dekabrından Kanadada saxlanılan Men Vancou ölkəsinə yola düşüb.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Men Vancou 2018-ci il dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. ABŞ tərəfi onu İrana qarşı tətbiq olunan sanksiyaların pozulmasında iştirakda ittiham edir və Kanada tərəfindən Men Vancounun Birləşmiş Ştatlara ekstradisiyasını istəyib. Dekabrın 12-də Kanada məhkəməsi Men Vancounun 10 milyon Kanada dolları (7,5 milyon ABŞ dolları) məbləğində girov müqabilində sərbəst buraxaraq, Vankuverdəki evində polis və xüsusi texnoloji avadanlığın nəzarəti altında yaşamasına razılıq verib. Ötən müddətdə “Huawei”in maliyyə direktoru Men Vancounun işi üzrə bir neçə dəfə məhkəmə iclası keçirilib.

Xəbər lenti