Xəzər Xəbər

Bayden ABŞ-ın hansı halda hərbi qüvvə tətbiq etdiyini açıqlayıb

Dünya | 14:56 • 22 Sentyabr 2021
Bayden ABŞ-ın hansı halda hərbi qüvvə tətbiq etdiyini açıqlayıb

Co Bayden Ağ evin rəhbəri kimi ilk dəfə BMT Baş Assambleyasında çıxış edib.

Bayden geniş spektrli problemlərə, o cümlədən pandemiya, iqlim dəyişmələri, kibertəhlükəsizlik, yeni texnologiyalar, demokratiya, habelə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması məsələlərinə toxunub.

Bayden deyib ki, XXI əsrin bir həqiqəti var: hər kəsin uğuru bütün başqalarının uğurundan asılıdır. Hər bir ölkə öz xalqının firavanlığı naminə başqa ölkələrlə əməkdaşlıq etməyə çalışmalıdır. O deyib: “Mənim fikrimcə, bizim təhlükəsizliyimiz, firavanlığımız, azadlığımız hələ heç vaxt bu dərəcədə qarşılıqlı bağlı olmayıb. Ona görə də məhz bu gün biz əvvəllər heç vaxt olmadığı dərəcədə əlbir, sıx əlaqəli şəkildə işləməliyik”.

Amerika lideri bəyan edib ki, Birləşmiş Ştatlar beynəlxalq arenada başqa ölkələrlə rəqabət aparmaq, öz dəyərlərini qorumaq, öz müttəfiqlərini və dostlarını müdafiə etmək, habelə güclü ölkələrin zəif ölkələr üzərində üstünlük əldə etmək, öz gücündən, iqtisadi qüdrətindən, texnologiyalardan və ya yanlış informasiya yaymadan istifadə etməklə sərhədləri dəyişmək cəhdlərinə qarşı mübarizə aparmaq niyyətindədir. Lakin Bayden bir məqamı da vurğulayıb ki, ABŞ yeni soyuq müharibəyə və ya dünyanı bloklara parçalamağa can atmır, əksinə, hər hansı ölkə Vaşinqton ilə fikir ayrılıqları nə qədər dərin olsa belə, onları sülh yolu ilə aradan qaldırmaq istəyirsə, ABŞ həmin ölkə ilə əməkdaşlığa hazırdır. O deyib ki, ABŞ yalnız ifrat hallarda – bütün başqa metodlar tükəndikdə hərbi qüvvə tətbiq etməyə hazırdır.

Prezident daha sonra ABŞ hərbi qulluqçularının Əfqanıstanı tərk etməsi barədə öz qərarını, taliblərin hakimiyyəti ələ keçirmələrinə imkan vermiş tədbirləri əsaslandıraraq deyib: “Əfqanıstanda münaqişə başlayandan 20 il sonra biz sonu görünməyən müharibə dövrünü başa çatdırır, yorulmaq bilmədən diplomatik səylər erasına başlayırıq. Biz bütün dünyada insanların həyatını yaxşılaşdırmaq üçün inkişafa yeni qaydada sərmayə qoymaq niyyətindəyik”. Bayden xüsusi vurğulayıb ki, Birləşmiş Ştatlar özünü, öz tərəfdaşlarını və öz mənafelərini hücumlardan, o cümlədən terror təhlükəsindən qorumağa hazırdır və zəruri hallarda hərbi qüvvə tətbiq olunacağını istisna etmir.

Bayden koronavirusa qarşı mübarizə mövzusuna toxunaraq deyib ki, ABŞ bu məqsədlə 15 milyard dollar sərf edib. Onun sözlərinə görə, Ağ evdə sabah keçiriləcək qlobal sammitdə onun administrasiyası bu sahədə yeni öhdəlikləri elan edəcək. Baydenin sözlərinə görə, bu təşəbbüslər 3 mühüm məqsədə nail olmağa yönəlib: insanların həyatının xilas edilməsi, qlobal vaksinləmə və pandemiya başa çatandan sonra daha yaxşı dünya qurulması.

İqlim dəyişmələri sahəsində vəziyyətin fəlakətli olmasını xatırladan Bayden BMT Baş katibinin sözlərini sitat gətirərək təsdiqləyib ki, bu qlobal təhlükənin öhdəsindən yalnız birlikdə gəlmək mümkündür. İqlimə dair Paris sazişinə yenidən qoşulmuş Birləşmiş Ştatlar həm də 2030-cu ilə qədər parnik qazları tullantılarının həcmini 2005-ci ilin səviyyəsi ilə müqayisədə 50-52 faiz azaltmaq öhdəliyi götürüb. Bundan əlavə, ABŞ administrasiyası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə qlobal tədbirlərin maliyyələşdirilməsinə öz töhfəsini ikiqat artırmaq niyyətindədir və belə bir təkliflə ABŞ Konqresinə müraciət etməyə hazırlaşır. (AZƏRTAC)

Xəbər lenti