Xəzər Xəbər

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır

Dünya | 14:36 • 22 Sentyabr 2021
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır

ABŞ “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqaviləyə qayıtmağa hazırdır.

Bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında deyib.

O bildirib ki, rəsmi Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Bunun üçün ABŞ diplomatik yollardan istifadə etməyə üstünlük verir. İran da müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ABŞ da xoşməramlı addımlar atacaq.

İranın mövqeyi isə ondan ibarətdir ki, danışıqlar şərt irəli sürülmədən davam etdirilsin və ilk növbədə, tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılsın. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 2015-ci ildə İran, ABŞ və bir sıra Avropa dövlətləri arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olundu. Razılığa görə, İran nüvə proqramını məhdudlaşdırmalı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərini monitorinq aparmaq üçün nüvə obyektlərinə buraxmalı idi. Bunun müqabilində isə ABŞ sanksiyaları ləğv edəcəkdi. Lakin ABŞ-da Donald Trampın Prezident seçilməsi bu işi yarımçıq qoydu. Belə ki, D. Tramp Barak Obama administrasiyasını tənqid edərək razılaşmanı ABŞ üçün uğursuz adlandırdı və müqavilədən birtərəfli qaydada çıxdı. Bundan sonra sanksiyalar nəinki aradan qaldırılmadı, əksinə, daha da şiddətləndi.

Bu gün C. Bayden administrasiyası sanksiyalar siyasətinin səmərəsiz olduğunu etiraf edir və onları aradan qaldırmaq istəyir. Bunun üçün isə İrana şərt qoyur ki, öhdəlikləri yerinə yetirsin. İran isə ABŞ-ın razılaşmadan çıxmasını əsas gətirərək bəyan edir ki, 2015-ci ildə ABŞ sözünün üstündə durmadı və bundan sonra sözünü tutacağına da heç kim zəmanət verilmir. Bu baxımdan ilk növbədə sanksiyalar aradan qaldırılsın sonra isə danışıqların gedişində İran öhdəliklərini yerinə yetirməyə başlayacaq.

ABŞ –İran qarşıdurması artıq 40 ildir davam edir. Müxtəlif müzakirə və danışıqların olmasına baxmayaraq, problem hələlik həllini tapmayıb. Lakin tərəflərin bu məsələni gündəmə gətirərək hansısa addımları atmaq istəyində olması müsbət məqam sayıla bilər. Hələlik isə qarşılıqlı təkliflər səslənməkdədir. Tərəflərdən hansının şərtinin qəbul ediləcəyini isə zaman göstərəcək. (AZƏRTAC)

Xəbər lenti