Xəzər Xəbər

Yaponiyalı bacılar “Ginnesin rekordlar kitabı”na daxil ediliblər

Dünya | 10:09 • 21 Sentyabr 2021
Yaponiyalı bacılar “Ginnesin rekordlar kitabı”na daxil ediliblər

Yaponiyalı bacılar Umeno Sumiyama və Kome Kodama əkizlər arasında uzunömürlülüyə görə rəsmi olaraq “Ginnesin rekordlar kitabı”na daxil ediliblər.

Bu rekord barədə sertifikat onlara 108 yaşlarının tamam olmasına bir neçə gün qalmış təqdim edilib. Bildirilir ki, həmin titul onlara 107 yaş 330 gün yaşadıqdan sonra verilib.

Bacılara sertifikatlar sentyabrın 20-də - Yaponiyada rəsmi olaraq milli bayram kimi qeyd edilən Ahıllar Günündə təqdim olunub.

Bildirilir ki, bu rekord əvvəllər Yaponiyadan olan əkizlər Kin Narita və Cin Kaniyə məxsus olub. Onlar birlikdə 107 il 175 gün yaşayıblar.

Hazırkı rekordçuların ölkənin qərbində yerləşən Sadoşima adasında 1913-cü il noyabrın 5-də dünyaya gəldikləri, 11 bacı və qardaşdan ibarət ailənin üçüncü və dördüncü övladları olduqları qeyd edilir. Məktəbi bitirdikdən sonra bacılar müxtəlif adalarda yaşasalar da, 70 yaşdan sonra daha tez-tez görüşərək, birlikdə Yaponiyanın buddist məbədlərini ziyarət ediblər.

Hazırda onların ayrı-ayrılıqda müxtəlif qocalar evində yaşadıqları və çoxdan arzuladıqları sertifikatları da məhz bu evlərdə aldıqları qeyd edilir.

Əlavə olaraq bildirək ki, hazırda Yaponiyada 86 min 510 uzunömürlü yaşayır və onların yarıdan çoxu 100 yaşı ötüb. (AZƏRTAC)

Xəbər lenti