Xəzər Xəbər

Şimali Koreya ABŞ-la danışıqları vaxt itkisi hesab edir

Dünya | 15:00 • 24 İyun 2021
Şimali Koreya ABŞ-la danışıqları vaxt itkisi hesab edir

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la yalnız vaxt itkisi olacaq hər hansı təmasları düşünmür.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu fikri KXDR-in xarici işlər naziri Ri Son Qvon səsləndirib.

“Biz ABŞ-la nəticəsi olmayacaq, yalnız qiymətli vaxtımızı alacaq hər hansı təmasların mümkünlüyünü nəzərdən keçirmirik”,- deyə Şimali Koreyanın xarici siyasət idarəsinin rəhbəri bildirib. Ri Son Qvon bu bəyanatı Birləşmiş Ştatların KXDR ilə danışıqlar üzrə nümayəndəsi Son Kimin “ABŞ Pxenyandan tezliklə müsbət cavab gözləyir” açıqlamasından sonra verib.

KXDR-in nüvə-raket proqramı illərdir Vaşinqton üçün ağrılı problemdir. Donald Trampın prezidentliyi dövründə Vaşinqton ilə Pxenyan arasında təmaslarda əhəmiyyətli dərəcədə fəallıq nümayiş olunsa da, konkret nəticə əldə edilmədi. Sabiq Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə Sinqapurda, Hanoyda və iki Koreya dövləti arasındakı faktiki sərhəd olan hərbisizləşdirilmiş ərazidə 3 görüş keçirmişdi.

Prezident Co Bayden administrasiyası Vaşinqtonun Şimali Koreya siyasətini yenidən nəzərdən keçirdiyini, Pxenyanı nüvə proqramının ləğvinə inandırmaq üçün hesablanmış və əməli yollar axtaracağını bəyan edib.

Xəbər lenti