Xəzər Xəbər

Honkonqun mərkəzindəki torpaq sahəsi rekord qiymətə - 7 milyard dollara satıla bilər

Dünya | 09:28 • 16 İyun 2021
Honkonqun mərkəzindəki torpaq sahəsi rekord qiymətə - 7 milyard dollara satıla bilər

Honkonq hakimiyyəti şəhərin işgüzar mərkəzində yerləşən torpaq sahəsini hökumət hərracına çıxarıb.

AZƏRTAC “China Morning Post” qəzetinə istinadla xəbər verir ki, daşınmaz əmlak bazarının analitiklərinin fikrincə, həmin torpaq sahəsi rekord qiymətə - 7 milyard dollardan baha satıla bilər.

Burada kommersiya tikintisi üçün nəzərdə tutulan 48 min kvadratmetrlik torpaq sahəsindən söhbət gedir. Həmin sahə Viktoriya limanının tökmə sahilində ofis otaqlarının kirayə qiymətlərinə görə liderlik edən 88 mərtəbəli Beynəlxalq Maliyyə Mərkəzinin qonşuluğunda yerləşir.

Torpaq sahəsinin alınması üzrə aparıcı developer konqlomeratlarının da iştirak edəcəyi tender iyunun 18-də bağlanacaq. Ekspertlər hərracda Honkonqda torpaq sahələrinin satışları tarixində yeni rekordun müəyyən edilə biləcəyini söyləyirlər.

Mütəxəssislərin fikrincə, dünyanın ən bahalı qiymətlərinə malik Honkonq əmlak bazarındakı vəziyyət 2019-cu ilin ikinci yarısında hökumət əleyhinə keçirilən kütləvi etirazların və koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrandan sonra tədricən bərpa olunmağa başlayıb.

İndiyə qədər burada ən bahalı ərazi Koulun yarımadasının qərbində, Çinin materik hissəsinə gedən sürətli dəmir yolu vağzalının qonşuluğunda yerləşən torpaq sahəsi hesab olunurdu. O, 2019-cu ildə 5.4 milyard dollara satılmışdı.

Qeyd edək ki, hökumət hərraclarında torpaq satışlarından əldə edilən gəlir Honkonq administrasiyası üçün ən mühüm büdcə daxilolmasıdır. Rieltorlar meqapolisdə mənzil, ofis və ticarət sahələri üçün yüksək qiymətləri boş yerlərin olmaması və ərazinin təpəli landşaftı ilə əlaqələndirirlər. Belə şəraitdə bir çox tikinti layihəsi “dənizdən qazanılan” tökmə sahillərdə həyata keçirilir ki, bu da böyük əlavə xərclər tələb edir.

Xəbər lenti