Bakı 22 ℃
Xəzər Xəbər
USD 1.7

Talan edilmiş sənət əsərləri ilə bağlı Avropada yeni debat hansı perspektivləri vəd edir?

Dünya | 79 | 09:25 • 17 May 2021
Talan edilmiş sənət əsərləri ilə bağlı Avropada yeni debat hansı perspektivləri vəd edir?

Avropa ölkələrində tarix, incəsənət və etnoqrafiya muzeylərini gəzərkən ilk növbədə həmin ölkənin öz tarix və incəsənətinə aid olmayan, dünyanın müxtəlif guşələrindən gətirilmiş eksponat və incəsənət əsərləri diqqəti özünə çəkir. Kolonializm dövründə talan edilmiş bu mədəni irsin restitusiyası isə zaman-zaman geniş debatlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu günlərdə çapdan çıxmış 850 səhifəlik “Qənimət” adlı elmi araşdırmalar toplusu yeni debatların elmi müstəvidə əsas sütunu sayıla bilər. Bu debatlarda əsas fiqurlardan biri olan fransalı incəsənət tarixçisi, talan edilmiş incəsənət üzrə ekspert Benedikt Savuanın öz həmkarları ilə qələmə aldığı kitab yaxın gələcəkdə yeni dalğanın güclənəcəyini deməyə əsas verir.

Avstriya Teleradiosuna müsahibə verən B. Savua bildirib ki, təkcə Afrikanın mədəni irsinin 85-90 faizi Avropa muzeylərində saxlanılır. Bu irslə necə rəftar olunması, restitusiya edilməsi, olduğu kimi saxlanması, yoxsa yalnız daimi icarə əsasında həmin ölkələrin sərəncamına verilməsi məsələsində fikir ayrılığı mövcuddur. Almaniyanın bir müddət əvvəl Benin bürünc fiqurlarının bir hissəsini Benin dövlətinə geri qaytarması isə müsbət inkişaf, eyni zamanda vaxtı çoxdan çatmış qərardır.

Berlin Texniki Universiteti və Paris Sorbon Universitetində çalışan professor Savua hazırda öz aydın mövqeyi və ekspertiza qabiliyyəti ilə Avropanın bir sıra etnoqrafiya muzeylərinin direktorlarının qorxunc yuxusuna çevrilib. Onun 2018-ci ildə seneqallı alim Felvin Sarr ilə apardığı tədqiqatlar və bu tədqiqatların nəticəsində qələmə aldığı “Afrikanın öz incəsənət uğrunda mübarizəsi” kitabı Afrikanın mədəni irsinin geri qaytarılması istiqamətində yazılmış sanballı əsərlərdən biridir.

B.Savua müsahibəsində bildirib ki, Avropadakı hazırki diskussiyalar heç də yeni sayıla bilməz. Ötən əsrin 60-cı illərində kolonializmdən azad olan Afrika dövlətləri əsrlər boyu qəsb edilən mədəni irsin geri qaytarılması tələbi ilə çıxış edirdilər və Avropada onların tələblərini dəstəkləyənlər az deyildi. Lakin Avropa ölkələrində bu tələblər müxtəlif yollarla “zərərsizləşdirildi”, Afrika və dünyanın digər ölkələrindən incəsənət nümunələrinin Avropaya daşınması incəsənətin məhvdən qorunması, elmi tədqiqat və geniş kütlələr tərəfindən tanınması nöqteyi-nəzərindən düzgün addım kimi qələmə verildi.

Müəllif şəkilli atlas və antologiyadan ibarət olan, eramızdan əvvəl 600-cü ildən 2015-ci ilədək dövrü əhatə edən “Qənimət” kitabında Avropa ölkələrində “elm və ictimaiyyət naminə xilaskarlıq” nəzəriyyəsinin qəsbkarlıq, kolonializm, zor və alçaltmadan başqa bir ad daşımadığını bildirir. Qeyd edilir ki, istər Amerikanın kəşfindən sonrakı qəsbkarlıq yürüşləri, istər Afrikada kolonializm dövründə mədəni irsin talan edilməsi, istərsə elmi ekspedisiyaların müxtəlif eksponatları “məhv olmaqdan xilas etməsi”, istərsə də müharibələr zamanı qalib tərəfin muzey və qalereyaları öz ölkəsinə daşıması nəticə etibarilə eyni məfhumun fərqli təzahür formalarıdır. Bu kontekstdə müəllif Napoleon Bonopartın Afrikada incəsənət əsərlərinin talan edilməsinə verdiyi açıqlamanı da diqqətə çatdırır: “Afrikada ki, muzey yoxdur!”

Əsasən Afrika üzrə ixtisaslaşan, lakin kitabında dünyanın digər regionlarını da əhatə etməyə çalışan B.Savuanın “Qənimət” kitabı ətrafında yaranmış araşdırma qrupunun fəaliyyəti olduqca əlamətdar hadisədir. Bir tərəfdən maddi və mədəni irsin restitusiyası mövzusu tarixi ədalətin bərpasını təmin edə və başqalarına haqq-ədalət və demokratiya dərsi keçənlərin üzünə sərt sillə ola, digər tərəfdən isə tarixin alt qatlarında qalan talançılığın bu gün də davam edən müasir formalarına qarşı mübarizəyə və onun ictimailəşməsinə müsbət impuls verə bilər.

Azərbaycan həm tarixi kontekstdə, həm də müasir dövrdə üzləşdiyi işğal və talan kontekstində bu cür səylərin mərkəzində dayanmağı haqq edən ölkədir. Ötən əsrin əvvəllərindən indiyədək mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olan Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində maddi-mədəni irs məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, kurqanlar və arxeoloji qazıntı məkanlarında ciddi-cəhdlə “qədim erməni izləri”ni axtaran erməni “alimləri” burada qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar, bu və digər məkanlarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına saymazyana münasibət nümayiş etdiriblər. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük müharibədə Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra Ermənistanın Azərbaycana vurduğu ziyanın miqyası tədricən ortaya çıxır, bütün bu cinayət əməlləri foto və videofaktlar əsasında sənədləşdirilir. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində dəymiş ziyanı bəlkə də ekspertlər nə zamansa müəyyən edə biləcəklər, lakin Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək heç zaman mümkün olmayacaqdır. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Məhz bu səbəbdən də Benedikt Savua kimi elm xadimlərinin araşdırmaları və elmi müstəvidə başlatdıqları diskussiyalar dünyada talan olunmuş mədəni sərvətlər mövzusuna həssaslığı artıra bilər. İstər bu kimi elmi fəaliyyət, istərsə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında“ 1954-cü il Haaqa Konvensiyası, 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və BMT-nin 2001-ci ildə qəbul etdiyi "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsi Azərbaycanın talan olunmuş mədəni irsinin restitusiya edilməsi və dəymiş zərərin beynəlxalq hüquqazidd əməli törədən ölkə tərəfindən ödənməsi üçün möhkəm hüquqi baza mövcuddur.

Xəbər lenti

Çox oxunanlar