Xəzər Xəbər

Antarktika buzlaqlarının əriməsi dəniz səviyyəsini 4,2 metr qaldıra bilər

Dünya | 14:03 • 4 May 2021
Antarktika buzlaqlarının əriməsi dəniz səviyyəsini 4,2 metr qaldıra bilər

İqlimşünasların hesablamalarına görə, Antarktikanın qərb hissəsindəki buzlaqların tamamilə əriməsi dəniz səviyyəsini 4,2 metr qaldıra bilər.

Tədqiqatın nəticələri “Science Advances” elmi jurnalında dərc olunub. Bildirilir ki, bu, ötən il aparılan hesablamalara nisbətən bir metr çoxdur.

"Ənənəvi olaraq hesab edilirdi ki, Qərbi Antarktikanın buz təbəqəsinin yoxa çıxması dəniz səviyyəsini 3,2 metr qaldıracaq. Kataklizmin nəticələrinin hesablandığı əvvəlki cəhdlər zamanı ağır buz qatının yoxa çıxması ilə bağlı geoloji proseslərin təsiri nəzərə almırdı. Biz onun dəniz səviyyəsinin ümumi artımına təxminən bir metr əlavə edəcəyini aydınlaşdırdıq”, - deyə tədqiqat müəlliflərindən biri, Harvard Universitetinin elmi işçisi Evelin Pauell bildirib.

İqlim mütəxəssislərinin fikrincə, qlobal istiləşmə ilk növbədə Yerin qütb bölgələrinə və dağ buzlaqlarına təsir edəcək. Burada temperatur əvvəlki yüzilliklərə nisbətən artıq 4-9 dərəcə yüksəlib. Nəticədə buz örtüyünün sahəsi xeyli azalacaq və gələcəkdə Antarktika və Arktikanın böyük hissəsində buz qalmayacaq.

Bu proseslər artıq Antarktikanın qərbindəki buzlaqlara təsir etməyə başlayıb. Məsələn, üç il əvvəl yarımadada yerləşən Larsen buzlağının sonuncu fraqmentlərindən biri dağılıb. Nəticədə ölçüsü Estoniya böyüklüyündə olan trilyon ton ağırlığında aysberq meydana gəlib.

Alimlər əsrin sonlarına qədər Qərbi Antarktikadakı buzlaqların əhəmiyyətli hissəsinin əriyəcəyindən ehtiyatlanırlar. Bu, baş verərsə, Dünya okeanının səviyyəsi təxminən üç metr qalxacaq. Nəticədə digər qitələrdə yerləşən bir çox sahilyanı rayonlar su altında qalacaq.

Xəbər lenti