Xəzər Xəbər

İqlim üzrə sammitə dəvət olunan 40 ölkə tədbirdə iştirakını təsdiqləyib

Dünya | 22:22 • 21 Aprel 2021
İqlim üzrə sammitə dəvət olunan 40 ölkə tədbirdə iştirakını təsdiqləyib

Dəvət olunan 40 ölkənin hamısı ABŞ-ın təşkil etdiyi iqlim üzrə onlayn-sammitdə iştirak edəcəyini təsdiqləyib.

Xarici KİV-lər xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

ABŞ administrasiyasının təşəbbüsü ilə keçiriləcək iqlim üzrə sammit aprelin 22-23-də virtual formatda baş tutacaq. Ağ evin məlumatına əsasən, ABŞ Prezidenti müxtəlif ölkələrin 40-dan çox liderini sammitə dəvət edib. Cozef Bayden görüş zamanı zərərli tullantıların azaldılması üzrə Birləşmiş Ştatların öz üzərinə götürməyə hazır olduğu öhdəlikləri elan edə bilər.

2021-ci il yanvarın sonlarında Cozef Bayden həm ABŞ-da, həm də beynəlxalq arenada iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni fərman imzalayıb. Bu plana ekoloji texnologiyaların və infrastrukturun inkişafı üzrə tədbirlər daxildir. Fərman, həmçinin iqlim dəyişikliyi məsələsini Amerikanın xarici siyasətinin və milli təhlükəsizliyinin ayrılmaz hissəsi elan edir və Vaşinqtonun Paris iqlim sazişində nəzərdə tutulan hədəfləri, əsasən qısamüddətli vədədə atmosferə atılan tullantı həcminin azaldılması, əsrin ortalarına qədər isə onların tamamilə aradan qaldırılması ideyasını inkişaf etdirmək niyyətini təsdiqləyir.

Qeyd edək ki, Paris iqlim sazişi 2015-ci ilin dekabrında 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sazişidir. O, qlobal istiləşmənin dayandırılması üzrə dünyanın fəaliyyət planını müəyyənləşdirir. Saziş ənənəvi yanacaqdan tam imtinanı nəzərdə tutmur. Lakin tərəflər tullantıları azaltmaq, texnoloji yeniliklərə və iqlim dəyişikliyinə uyğunlaşmaq üzrə tədbirlər görməlidir. Bundan əlavə, bərpaolunan enerji mənbələri bu sahədə daha çox paya malik olmalıdır. ABŞ sabiq Prezident Donald Trampın dövründə sazişdən çıxmışdı. Lakin Birləşmiş Ştatların yeni dövlət başçısı Cozef Bayden prezidentliyinin ilk günündə müqaviləyə qayıtmaq barədə fərman imzaladı.

Xəbər lenti