Xəzər Xəbər

ÜST: Vaksinlərə bərabər əlçatanlıq uğursuzluğa düçar olub

Dünya | 14:17 • 17 Aprel 2021
ÜST: Vaksinlərə bərabər əlçatanlıq uğursuzluğa düçar olub

Bəşəriyyət koronavirus infeksiyası əleyhinə vaksinlərə bərabər əlçatanlığın təmin edilməsində uğursuzluğa düçar olub: dünyada 832 milyon peyvəndlənmənin 82 faizindən çoxu yüksək və orta gəlirə malik ölkələrin payına düşdüyü halda, aşağı gəlirli ölkələrin payı yalnız 0,2 faiz təşkil edir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqtisadi və Sosial Şurasının vaksinlərin əlçatanlığı məsələsinə həsr olunan iclasında bildirib.

“Vaksinlər barədə məsələdə bərabərlik dövrümüzün tələbidir və biz bu uğursuzluğa düçar olmuşuq”, - deyən ÜST rəhbəri vurğulayıb ki, bir sıra dövlətlər onlara ayrılan dərman kvotasının ikinci hissəsini vaxtında almırlar, bu da “onların vaksinləmənin ikinci mərhələsinə aid planlarını təhlükə altında qoyur”. Ehtimal edilirdi ki, COVAX vasitəsilə tədarükün həcmi hazırkı dövr üçün 100 milyon dozadan çoxdur, lakin hələ yalnız 40 milyon doza paylaşdırılıb.

Qebreyesus bununla bağlı öz əhalisi üçün lazım olandan artıq miqdarda vaksini ehtiyatda saxlayan ölkələri “dərhal COVAX-a ianə etməyə” çağırıb. Baş direktor, həmçinin immunlaşdırma üçün preparatların istehsalının bütün variantlarının öyrənilməsinə tərəfdar olduğunu bildirib, mümkün yollardan biri kimi vaksin istehsalı üçün lisenziyanın könüllü şəkildə digər ölkələrə verilməsini adlandırıb. ÜST rəhbəri hesab edir ki, daha bir mühüm addım vaksinlərin yerli istehsalına investisiyaların yatırılması ola bilər.

COVAX Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans və Epidemiyalara hazırlığın təmin olunması sahəsində innovasiyalar üçün Koalisiya ilə birgə ÜST tərəfindən dövriyyəyə buraxılan beynəlxalq mexanizmdir. Bu mexanizm istehsal obyektlərinin yaradılmasını dəstəkləyir və tədarük etməni aparır. Proqramın şərtlərinə müvafiq olaraq, yüksək gəlirə malik ölkələr daha az gəlirə sahib ölkələr üçün alınan vaksinlərin pulunu ödəyir. Plana əsasən, mexanizm çərçivəsində 2021-ci ilin sonunadək 2 milyard doza vaksin istehsal edilməli və bütün dünya üzrə bərabər bölüşdürülməlidir. Artıq 190 ölkə COVAX mexanizminə qoşulub.

Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə ötən ilin dekabrında BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessiyası keçirilib. 150-dən artıq ölkə bu təşəbbüsü dəstəkləyib. Prezident İlham Əliyevin sessiyada səsləndirdiyi fikirlərdən biri bu məsələdə proteksionizmin, millətçiliyin olmamasından ötrü vaksinlərin dünya ölkələri arasında bərabər bölüşdürülməsidir. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında deyib: “Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar”.

Xəbər lenti