Xəzər Xəbər

Bu ölkədə “Sputnik V“ peyvəndinin istifadəsinə icazə verilməyib

Dünya | 16:06 • 7 Aprel 2021
Bu ölkədə “Sputnik V“ peyvəndinin istifadəsinə icazə verilməyib

Slovakiya Dərman Vasitələrinə Nəzarət İnstitutu (SUKL) Rusiya istehsalı “Sputnik V“ peyvəndinin ölkədə kütləvi istifadəsinə icazə verməyib.

İnstitut bu qərarı peyvəndin fayda və risklərinə dair yetərincə məlumatın təqdim olunmaması ilə əsaslandırıb. Keçmiş Baş nazir İqor Matoviçin hakimiyyəti dövründə Slovakiya bu peyvənddən 2 milyon doza sifariş etmiş və 200 min dozadan ibarət ilkin partiya isə mart ayında ölkəyə gətirilmişdi. Baş nazirin koalisiya tərəfdaşları ilə razılaşmadan atdığı bu addım yekun olaraq hökumətdaxili böhrana və İ. Matoviçin vəzifəsindən istefasına aparıb çıxarmışdı.

Slovakiya institutu isə peyvəndə hələ icazə verilməməsini, həmçinin müxtəlif ölkələrdə kliniki araşdırmalarda tətbiq olunmuş peyvənd partiyaları barədə məlumatların istehsalçı tərəfindən təqdim edilməməsi ilə əsaslandırıb. Bildirilib ki, “Sputnik V“ peyvəndi Slovakiyada bir neçə testdən uğurla keçsə də, bu, həmin peyvəndin təhlükəsizliyi və effektivliyinə dair yekun fikir söyləməyə imkan vermir.

Xəbər lenti