Xəzər Xəbər

Arkanzasda maska taxmaq məcburiyyəti aradan qaldırılır

Arkanzas maska rejiminin ləğv ediləcəyi növbəti ştat olmağa hazırlaşır
Dünya | 17:53 • 8 Mart 2021
Arkanzasda maska taxmaq məcburiyyəti aradan qaldırılır

Qubernator Asa Hatçinson bildirib ki, Amerika ştatlarında koronavirusa yoluxma və bu xəstəlikdən ölüm faizi göstəricilərinin azalması müşahidə olunduğu üçün Arkanzas bu ayın sonunda maska rejiminin ləğv ediləcəyi növbəti ştat olmağı planlaşdırır.

Hatçinsonun sözlərinə görə, ştatın COVID-19 üzrə təlimatları martın 31-dan etibarən yalnız “rəhbərlik” hesab ediləcək, yəni maska taxmayan fiziki və hüquqi şəxslər buna görə cərimə olunmayacaqlar.

“The New York Times”-ın şənbə günü üçün olan məlumatına görə, Arkanzas ştatında orta hesabla gündə 373 hadisə qeydə alınıb. Bu, iki həftə əvvəlki rəqəmlə müqayisədə orta hesabla 2 faiz azdır. Hatçinson bazar günü “Fox News” telekanalında çıxış edərək, deyib ki, məhdudiyyətləri mümkün qədər tezliklə yumşaltmaq istəyir. Qubernator Hatçinson Texas və Missisipi ştatlarında maska rejiminin ləğv edilməsi və iqtisadiyyatın tamamilə açılması barədə bu yaxınlarda qəbul olunmuş qərarlara istinad edib.

Bütövlükdə COVID-19 pandemiyası dövründə Birləşmiş Ştatlarda 28.973.018 yoluxma və 524.698 ölüm hadisəsi qeydə alınıb. Bu göstəricilər üzrə ABŞ dünyada birinci yerdə qalmaqda davam edir.

Cons Hopkins Universitetinin məlumatlarına əsasən, şənbə günü 58.411 yeni koronavirusa yoluxma hadisəsi və 1485 ölüm faktı qeydə alınıb. Ağ ev və ABŞ Səhiyyə Nazirliyi maska rejiminin belə sürətlə ləğv edilməsini məsləhət görmürlər./Azərtac

Xəbər lenti