Xəzər Xəbər

Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyonu keçdi

Dünya | 16:45 • 28 Fevral 2021
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyonu keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 2.538.469 nəfər olub. Virusa yoluxanların ümumi sayı 114.427. 110 nəfər, virusa qalib gələrək, sağalanların sayı isə 89. 976. 845 nəfər olub.

XəzərXəbər musavat.com-a istinadən bildirir ki, hazırda dünya ölkələrində koronavirusla bağlı son vəziyyət aşağıdakı kimidir.

ABŞ-da virusa yoluxanların sayı 30 milyona yaxınlaşıb – 29.202.824 nəfər. Virusdan dünyasını dəyişənlərin sayı isə 525 min nəfərə çatıb. Ölkədə virusun bir neçə ştammının yayılması nəticəsində virusdan dünyasını dəyişənlərin də sayı sürətlə artmaqdadır. Rəsmilər sürətli vaksinasiya prosesinə keçmək üçün müxtəlif addımlar atsa da, mövcud vəziyyəti tənzimləmək hələlik çətin görünür.
Vəziyyət ilə bağlı ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampın ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq etdiyi fövqəladə rejimin müddətini uzatma qərarına gəlib. Prezident bu haqda imzaladığı fərmanda qeyd edib ki, pandemiya ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi üçün ciddi risk yaratmaqda davam edir. Buna görə də fövqəladə vəziyyət rejimi 1 mart 2021-ci il tarixindən sonra da davam etdirilməlidir. Fövqəladə vəziyyət rejiminin müddətinin nə vaxtadək uzadılması hələlik açıqlanmayıb.

Virusun bir neçə ştammının ortaya çıxdığı Braziliyada isə virusdan dünyasını dəyişənlərin sayı 254.263 nəfər olub. Ölkədə bu günə qədər 10,5 milyondan çox insanda koronavirus aşkarlanıb.

Avropa ölkələrinin bir qismi artıq mart ayından etibarən sərt karantin rejimindən çıxmağa hazırlaşır.

Yunanıstanda fevralın 11-dən elan edilən "sərt qapanma" tədbirləri bu gün başa çatır. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ölkədə koronavirusa yoluxma sayının sürətlə artması səbəbindən yenidən sərt karantin rejimi ilə bağlı qərar qəbul etmişdi. Qeyd edək ki, Yunanıstanda bu günə qədər 190 minə yaxın insanda koronavirus aşkarlanıb ki, onların da 6,4 min nəfəri dünyasını dəyişib.

Almaniya da martın 1-dən etibarən karantin rejimində bəzi yumşaldılmalar edəcək. Belə ki, artıq bir neçə aydır ki, fəaliyyət göstərməyən bərbər və gözəllik salonları yenidən xidmətə başlayacaq. Ölkənin Bavariya və Saksoniya vilayətlərində isə kiçik marketlər və gül dükanları da fəaliyyətini bərpa edəcək. Almaniyada bu günə qədər 2,4 milyondan çox insanda koronavirus aşkarlanıb ki, onlardan da 70,5 min nəfərdən çoxu xəstəlikdən dünyasını dəyişib.

İngiltərədə isə bir neçə gündür ki, gündəlik virusa yoluxanların sayı qismən azalmağa başlayıb. Bu səbəbdən ölkənin Baş Naziri Boris Conson 8 martdan etibarən sərt karantin rejiminin mərhələli formada başa çatacağını bildirib. İlkin mərhələdə, yəni 8 martda məktəblərdə ənənəvi tədrisin bərpa olunacağını vurğulayan Conson? ikinci mərhələnin isə küçəyə çıxma qadağasının götürülməsi olacağını söyləyib.
Qeyd edək ki, İngiltərədə bu günə qədər 4,1 milyondan çox virusa yoluxma halı aşkarlanıb, 123 minə yaxın insan virusdan dünyasını dəyişib.

Xəbər lenti