Xəzər Xəbər

Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb

Dünya | 11:29 • 27 Fevral 2021
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı məlumatı “PR Newswire” şirkəti vasitəsilə ABŞ mətbuatında geniş yayımlanıb. Belə ki, sözügedən məlumat 60-dan artıq, o cümlədən Associated Press News, Yahoo kimi böyük oxucu kütləsi olan şəbəkələrdə dərc edilib.

Məlumatda Human Rights Watch-un hesabatına istinad olunaraq, Xocalı soyqırımının azərbaycanlı mülki əhalinin ən böyük qətliamı adlandırılıb. Qeyd olunub ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi qətliam nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı xüsusi qəddarlıqla qətlə yetirilib.

Həmçinin 2020-ci ildə Ermənistanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın Bərdə, Gəncə və Tərtər şəhərlərinə raket və ağır artilleriya hücumları nəticəsində 100-dən çox mülki vətəndaşı qətlə yetirməsi və 423 insanın ağır yaralanması məlumatları verilib.

Xocalı faciəsində və müharibə zamanı cinayətlər törədən şəxslərin bu günədək cəzalandırılmadığı vurğulanıb. Xocalı qurbanlarının xatirəsinin anılmasının ədalət, məsuliyyətə cəlb edilmə və davamlı sülh üçün əsas amil olduğu qeyd edilib. Məlumatda beynəlxalq ictimaiyyətdən Xocalıya ədalət tələb olunub.

Xəbər lenti