Xəzər Xəbər

Tbilisidə “Ana fəryadı” tamaşası nümayiş olunub

Dünya | 09:32 • 25 Fevral 2021
Tbilisidə “Ana fəryadı” tamaşası nümayiş olunub

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə səhnələşdirilmiş “Ana fəryadı” tamaşası nümayiş etdirilib.

Tamaşada müharibədə valideynlərini və yaxınlarını itirmiş gənc qızın qarşılaşdığı çətinliklərdən, həyat mübarizəsindən və ərini, övladlarını, yaxınlarını itirmiş ananın fəryadından, yaşadığı iztirablardan bəhs olunur.

Qızın işğaldan azad olunmuş yurd-yuvalarına qayıdarkən xarabalığa çevrilmiş evın dağıntıları altından tapdığı fotoalbomu, oyuncağı və nimdaş paltarları necə bağrına basmağı, hayqırtı ilə ağlamağı tamaşaçıların qəlbində dərin iz buraxıb.

Xocalı faciəsinin şahidi olan həmin qız faciə barədə acı xatirələrini danışır. Sonra qızın anası səhnədə görünür. Övladının başına ruh kimi dolanan qadın onu sevməyə, bağrına basmağa, qorumağa çalışır. Qadının ruh və ya sağ olması fikri tamaşaçıların ixtiyarına buraxılır. Kiçik tamaşa ana və balanın sülhə çağırışları ilə bitir.

Tamaşanın rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizdadədir. Tamaşadakı rolları teatrın aktrisaları Leyla Qasımova və Aida Tagıyeva canlandırıblar.

Səhnə əsəri Azərbaycanın Gürcüstandakı səfirliyi və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə nümayiş olunub.

Teatrın bədi rəhbəri və quruluşçu rejissoru Turqay Vəlizadə AZƏRTAC-a müsahibəsinə deyib ki, tamaşanı hazırlamaqla və nümayiş etdirməklə müharibədə, xüsusən də Xocalıda yaşanan ağrı-acını, vandalizm qurbanlarının acı taleyini açmaq istədik. Məqsədimiz həm də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramımızı bildirməkdir. Biz müharibənin necə acı-nəticələr verdiyini nümayiş etdirməklə insanları sülhə çağırırıq.

Tamaşada ana rolunu canlandıran Leyla Qasımova övlad axtarışında olan ana rolunun ifa etməyin asan olmadığını bildirib: “Xocalı faciəsi qurbanının rolunu oynamaq o qədər də asan deyil. Mən, o acını yaşamış insanların, uşaqların, qadınların fəryadını eşitmişəm. Ona görə də bu rolu ifa edərkən sanki həmin iztirablı faciəni yaşadım. Səhnədə gözümdən axan yaş isə sadəcə bir aktrisanın deyil, əsl faciə qurbanının yaşı idi”.

Tamaşada gənc qızın rolunun ifaçısı Aida Tağıyeva deyib: “Bu rolu mənə həvalə edəndə bir qədər tərəddüd etdim. Amma Xocalı faciəsi mənim qəlbimdə elə bir iz buraxıb ki, o rolu elə-belə oynaya bilməzdim. Biz bütün insanları, bəşəriyyəti Xocalı soyqırımına münasibət bildirməyə, müharibəyə yox deməyə çağırırıq”.

Xəbər lenti