Xəzər Xəbər

Dünyada koronavirusdan ölüm halları azalır STATİSTİKA

Dünya | 14:03 • 24 Fevral 2021
Dünyada koronavirusdan ölüm halları azalır

Fevralın 15-dən 21-dək dünyada koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə 11 faiz, ölüm halları isə 20 faiz azalıb. Virusa yoluxmada artıq ardıcıl olaraq altıncı həftədir azalma müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərində dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.

“Artıq altıncı həftədir ki, dünyada yeni yoluxmalar ardıcıl olaraq azalır. Ötən həftə ərzində 2 milyon 457 min 26 yoluxma və 66 min 359 ölüm halı qeydə alınıb. Fevralın 21-nə olan məlumata əsasən, indiyə qədər dünya üzrə koronavirusa 110 milyon 763 min 898 nəfər yoluxub, 2 milyon 455 min 331 nəfər həyatını itirib”, - deyə sənəddə bildirilir.

ÜST-nin məlumatına görə, yoluxma hallarının azalması ən çox Şimali və Cənubi Amerikada (19 faiz), Qərbi Sakit okean regionunda (9 faiz), Avropada (7 faiz) və Şərqi Aralıq dənizi regionunda (7 faiz) müşahidə edilib. Həmin regionlarda ölüm hallarında da azalma qeydə alınıb: müvafiq olaraq 23, 6, 19 və 3 faiz. Koronavirusdan ölüm hallarının sayı Afrikada 20 faiz, Cənub-Şərqi Asiyada isə 6 faiz aşağı düşüb.

Xəbər lenti