Xəzər Xəbər

Vaksinlərin ədalətli bölgüsü üçün çağırış edildi

Dünya | 13:18 • 23 Fevral 2021
Vaksinlərin ədalətli bölgüsü üçün çağırış edildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Gebreyesus və ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçi Cenevrədə brifinqdə çıxış ediblər. Onlar bəyan ediblər ki, beynəlxalq əməkdaşlıq indiki pandemiyaya qalib gəlmək və onun labüd fəsadlarının qarşısını almaq iqtidarındadır.

BMT-nin rəsmi saytında yer alan xəbərə görə, ÜST rəhbəri dünya ölkələrini vaksin istehsalçıları ilə ikitərəfli müqavilələr bağlamamağa çağırıb. Doktor Tedros Gebreyesus şikayətlənib ki, COVAX beynəlxalq layihəsinin büdcəsində vaksin alınması və onun bölgüsü üçün təqribən 23 milyard dollar vəsait çatışmır. Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, ABŞ-ın yeni administrasiyası COVAX təşəbbüsünün həyata keçirilməsi üçün 4 milyard dollar ayırmağı vəd edib.

Lakin doktor Tedrosun sözlərinə görə, məsələ təkcə pul ilə həll olunmur. O vurğulayıb: “Vaksin olmasa pulun əhəmiyyəti yoxdur. Hətta əlimizdə vəsait olduğu şəraitdə zəngin dövlətlər istehsalçılarla ikitərəfli müqavilələr bağlamaqdan çəkinsələr biz yalnız bu halda vaksinləri yoxsul ölkələrə çatdıra bilərik”. O xəbərdarlıq edib ki, söhbət xeyriyyəçilikdən getmir, məsələ epidemioloji xarakter daşıyır: pandemiyaya ayrıca ölkədə qalib gəlmək mümkün deyil, bundan ötrü virusun qlobal miqyasda yayılmasına son qoyulmalıdır.

ABŞ-ın baş infeksionisti, Amerika Milli Allerqologiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi də elmi məlumatlara əsaslanan bu tezisi təsdiq edib. O vurğulayıb: “Bu, qlobal pandemiyadır və qlobal tədbirlər görülməsini tələb edir”. Doktor Fauçi yeni epidemiyaların qarşısının alınması üçün müvafiq sistemlər yaradılmasının zəruri olduğunu qeyd edib.

ÜST-nin baş elmi işçisi doktor Sumi Svaminatan dünya ölkələrinə və şirkətlərinə müraciət edərək, COVID-19-un yayılmasına qarşı mübarizə aparmağa kömək edən biliklər və texnologiyalar barədə məlumatı bölüşməyə çağırıb. Onun sözlərinə görə, şirkətlər və istehsalçılar arasında belə məlumat mübadiləsinə imkan verən yeni platformalar artıq hazırlanıb və uğurla sınaqdan keçirilib. Bu universal texnologiyaları ən qısa müddətdə başqa patogenlərə qarşı mübarizə üçün də uyğunlaşdırmaq mümkündür.

Xəbər lenti