Xəzər Xəbər

BMT rəhbəri Co Baydenin ilk qərarına münasibət bildirib

Dünya | 15:47 • 21 Yanvar 2021
BMT rəhbəri Co Baydenin ilk qərarına münasibət bildirib

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Co Baydenin planetdə sürətli qlobal istiləşmənin qarşısının alınmasına yönəlmiş Paris sazişində iştirakına qayıtmaq qərarını alqışlayıb. Bu, ABŞ-ın 46-cı Prezidenti qismində and içən Baydenin ilk qərarlarından biridir.


AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla BMT-nin rəhbəri adından onun mətbuat katibinin bəyanatında "Mən İqlim Dəyişikliyi haqqında Paris Sazişində iştirakına qayıtmağa, dövlətlərin, şəhərlərin, ştatların, özəl şirkətlərin və iqlim böhranına qarşı qətiyyətli tədbirlər görən ayrı-ayrı insanların artan koalisiyasına qoşulmağa yönəlmiş Prezident Baydenin atdığı addımları səmimiyyətlə alqışlayıram”, - deyildiyini xəbər verir.


İqlim dəyişikliyinə qarşı mübarizə haqqında Paris Sazişi 2015-ci il dekabrın 12-də Fransa paytaxtında qəbul edilib və bir ildən az rekord müddətdə qüvvəyə minib. Bu sənəddə dövlətlər qlobal temperaturun 2 dərəcə Selsi həddində, imkan daxilində isə industrial dövrdən əvvəlki göstəricilərə nisbətən 1,5 dərəcə Selsi səviyyəsində artmasını saxlamağa söz veriblər. Paris sazişi yoxsul ölkələrə iqlim dəyişikliyinə adaptasiyaya yardım göstərilməsini nəzərdə tutur.


ABŞ Paris sazişinə 2016-cı ildə qoşulub, lakin ölkə Prezidenti Donald Tramp hakimiyyətə gələrək dərhal Vaşinqtonun bu müqavilədə iştirakdan imtina etdiyini bildirib. Müəyyən edilmiş prosedura uyğun olaraq Vaşinqtonun qərarı tam bir il sonra – 2020-ci il noyabrın 4-də qüvvəyə minib.


Lakin yeni Prezident Co Bayden bəyan edib ki, bu qərara yenidən baxılacaq və ABŞ Paris Sazişinin iştirakçıları sırasına qayıdacaq. Bu günə həmin sazişi 187 dövlət ratifikasiya edib.


Antonio Quterreş iqlim üzrə ötən il keçirilmiş zirvə görüşü və onunla əlaqədar qəbul edilmiş istixana qazlarının bütün zərərli tullantılarının yarısının payına düşən dövlətlərin əsrin ortalarında karbon neytrallığına nail olmaq vədini xatırladıb.


"Bu gün Prezident Baydenin elan etdiyi qərar bu rəqəmi istixana qazlarının bütün tullantılarının üçdə ikisinə qədər yüksəldəcək. Ancaq hələ çox uzun yol keçməliyik. İqlim böhranı kəskinləşir və biz qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq və cəmiyyətlərə iqlim dəyişikliyinə qarşı daha çox müqavimət göstərmək məqsədinin reallaşması məsələsinin müzakirəsinə vaxt sərf edirik”, – deyə BMT rəhbəri qeyd edib.


O, 2030-cu ilə qədər hədəf göstəricilərinə nail olmaq və bu ilin sonunda Qlazqo iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi ilə bağlı yeni milli öhdəliklər də daxil olmaqla, iqtisadiyyatın dekarbonizasiyası üzrə qlobal səylərin təşviq edilməsində Amerika Birləşmiş Ştatlarının liderliyinə ümid etdiyini söyləyib.


BMT rəhbəri iqlim dəyişikliyinə qarşı mübarizədə Bayden ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti