Xəzər Xəbər

Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır

Dünya | 15:03 • 19 Yanvar 2021
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır

ABŞ-da təsis olunmuş və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Çoxşaxəli Diplomatiya İnstitutunun Gürcüstandakı filialının "Facebook” səhifəsində "Artsax beynəlxalq həmrəyliyi” adlı tədbirin keçirilməsi barədə elan gürcü siyasətçilərin də etirazına səbəb olub.


Gürcü politoloq Tengiz Txilava AZƏRTAC-a müsahibəsində deyib: "Təəssüf ki, biz yenə də Ermənistan tərəfinin xalqlarımız arasındakı münasibətlərə zərər vurmağa çalışdığını görürük. Əlləri hər yerdən üzülmüş, çarəsiz qalan ermənilər artıq "böyük işlər” görə bilmirlər. Ona görə də kiçik məsələlərə əl atırlar, bulanıq suda balıq tutmağa çalışırlar”.


T.Txilava bildirib ki, tədbirin guya Qarabağ sakinlərinə yardım və ya xeyriyyə adı altında keçirilməsi kimi iddialar da əsassızdır. Hamı bunun həqiqətdən uzaq olduğunu yaxşı başa düşür. Heç kimin xeyriyyəçiliyə iradı yoxdur. Amma konsertin Azərbaycanda matəm günü olan 20 yanvar tarixinə planlaşdırılması açıq şəkildə təxribat məqsədi daşıyır.


Konsertdə gürcü ifaçıların da iştirak edəcəyi barədə məlumatın verilməsinin həqiqəti əks etdirmədiyini vurğulayan politoloq deyib: "Mən həmin müğənnilərlə söhbət etdim. Onlar bu barədə xəbərsizdirlər və konsert haqqında heç bir məlumatlarının olmadığını söylədilər. Bu sənətçilərin klipləri disklərdə olduğu kimi, sosial şəbəkələrdə də mövcuddur. Amma bu sənətçilərin mahnıları konsertdə səsləndirilməyəcək”.


O bildirib ki, bu dəst-xətt hamıya məlumdur və bu fakt bir daha ermənilərin məkrli siyasətini təsdiq edir. Amma heç bir sağlam qüvvə erməni təxribatlarını dəstəkləmir və onların yalan məlumatlarına inanmır.

Xəbər lenti