Xəzər Xəbər

ABŞ-ın həmsədr kimi fəaliyyəti bu ölkənin yerli mətbuatında müzakirə olunub

Dünya | 12:25 • 26 Oktyabr 2020
ABŞ-ın həmsədr kimi fəaliyyəti bu ölkənin yerli mətbuatında müzakirə olunub

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik "Con Batçelor Şou” radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.


Əvvəlcə səfir son gərginliklər fonunda Ermənistan ilə Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd edib. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı şəkildə atəşkəsi pozaraq üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırıb. Atəşkəsin vacibliyi ilə yanaşı, danışıqların əhəmiyyətini vurğulayan səfir ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirilib.


Jurnalistin Ermənistanın Gəncəni raket atəşinə tutması barədə sualını cavablandıran E.Süleymanov bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkələrin rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir.


Ermənistanın humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirib ki, Ermənistanın atdığı mərmilər şəhərdəki pravoslav kilsəsinin 500, əsas məscidin isə 300 metrliyində partlayıb. Həlak olan mülki vətəndaşlar arasında 10 aylıq körpənin və 5 yaşlı uşağın olmasını xüsusi qeyd edib.


Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkib.


Səfir Azərbaycan xalqı üçün rəmzi məna daşıyan Xudafərin körpüsünün azad edilməsinin, orada dövlət bayrağımızın dalğalandırılmasının xalqımızda olduqca həssas duyğular doğurduğunu diqqətə çatdırıb. (AZƏRTAC)

Xəbər lenti