Xəzər Xəbər

Türkiyə Rusiya ilə müharibəyə hazırlaşır? ŞOK PROQNOZ

Dünya | 14:50 • 23 Dekabr 2019
Türkiyə Rusiya ilə müharibəyə hazırlaşır?

Türkiyə ötən həftə tələb olunacaq təqdirdə ordusunu Liviyaya göndərə biləcəyini açıqladı. Liviyada qanuni hökumətin Türkiyənin dəstəyinə ehtiyacı olduğunu açıqladıqdan sonra dünyanın diqqəti regiona istiqamətləndi. Rusiyanın inqilabçı Xəlifə Haftara dəstək verməsi, "Türkiyə Rusiya ilə Liviyada müharibəyə girəcəkmi” sualını yaradır.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında bu məsələyə dair suala belə cavab verdi: "Biz həm qanuni hökumət, həm də Haftarla danışıqlar aparırıq”. Putin bu sözləri ilə "yəni tərəf saxlamırıq” demək istədi.

"Xəbər7” portalının yazarı Taha Dağlı son köşəsində məsələ ilə bağlı fikirlərini qələmə alıb. Yazar bildirib ki, Liviya ruslar üçün olduqca əhəmiyyətlidir: "Suriya nə qədər önəmlidirsə, Liviya da ruslar üçün o qədər vacibdir. Suriyanın Aralıq dənizində yerləşən limanları, Liviyanın isə Aralıq dənizinə çıxış limanları. Liviya 2011-ci ildən bu yana siyasi böhran, xaos və qarşıdurma şəraitindədir. Ruslar da buna görə çox diqqətli davranırlar. Bir baxımdan, işi təminat altına alıb Liviyada hər iki tərəflə təmas qurublar. "Vaqner”lərə gəlincə, 2014-cü ildə Ukraynada anti-Rusiya idarəçi dəyişikliyi olanda, muzdlu milis qrupu olan "Vaqner”lər Kiyevdə ortaya çıxmış, Donetskdə Rusiyaya müxalif qruplarla insident yaşamışdı. "Vaqner”lər bu gün Suriyada fəaliyyətdədirlər. Rusiya hərbi polisləri ilə yanaşı, onlar da Bəşər Əsəd rejiminə dəstək verirlər”.

"Liviyada Türkiyə ilə Rusiya müharibəyə girərmi” sualına Taha Dağlı belə cavab verib: "Bu suala Suriya üzərindən açıqlama verə bilərik. 2016-cı ildən bəri Türkiyə ilə Rusiya heç qarşıdurma yaşadımı? Yox. Suriyada türk və rus əsgərlər qarşıdurma yaşamadı. "Vaqner”lərlə də həmçinin. Hətta "Vaqner”lər İranın dəstəklədiyi milislərlə insidentə girdi, PKK/PYD-çilərlə də döyüşdü. Amma türk əsgərlərlə qarşı-qarşıya gəlmədi. Rəsmi Kreml "Vaqner”lərlə rəsmi təması olmadığını deyir. Amma əlbəttə, muzdlu döyüşçülərin Putindən və ya Rusiya kəşfiyyatından çox da müstəqil şəkildə hərəkət edə biləcəklərini demək mümkünsüzdür. Bu suala rusların necə cavab verdiyinə baxaq. Rusiyalı hərbi analitik Pavel Yevgeneviç Felgenhauer Türkiyə ilə Rusiyanın əsla qarşı-qarşıya gəlməyəcəyini vurğulayır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Barışıq Hökumətinə dəstək verir. Dolayısı ilə, Türkiyə və Rusiya Liviya üçün qarşı-qarşıya gəlib savaşmayacaq. Çünki bu, Suriyada dərin böhrana yol açar. Ayrıca, Rusiya mövqeyindən Türkiyə Liviyadan daha çox strateji əhəmiyyətə sahibdir”.

Yazar qeyd edib ki, bu suala bir də Ərdoğan-Putin münasibətlərindən çıxış edərək cavab vermək olar: "Liviyada bugünkü xaosun başladığı tarix 2011-ci ilin martı idi. Fransanın rəhbərliyi ilə NATO-nun müdaxiləsi olmuşdu. Ərdoğanla Putin NATO-nun müdaxiləsinə çıxan liderlərdən idi. O dövrdə Rusiyanın Baş naziri olan Vladimir Putin NATO-nun müdaxiləsini xaç yürüşlərinə bənzətmiş və yenə o dövrdə Baş nazir olan Ərdoğan da "NATO-nun Liviyada nə işi var” deyərək Liviyaya qarşı müdaxiləni sərt tənqid etmişdi. Mövzunun bir də siyasi çəkisi var. Burada çeçen lider Ramzan Kadırovun ön plana çıxdığını görürük. O, iki gün əvvəl Liviyada milli hökumətin başçısı Fayez Sərrac ilə telefonda danışdı. Tripoliyə dəvət olundu. Liviyanın qanuni hökumətinə dəstəyə hazır olduqlarını söylədi. "Vaqner”lər Putindən xəbərsiz Liviyada at çapa bilmədikləri kimi, Kadırov da Putinin məlumatı xaricində Liviya lideri ilə görüşə bilməz. Rusiya Liviyada təminatçı davranır. Türkiyə isə Liviyada yeni balans qurur. Əvvəlki balansda Türkiyə yox idi. Ruslar isə vardı. Türkiyənin olmadığı masada rusların oturması, ruslarla türkləri qarşı-qarşıya gətirmiş sayılmaz. Eynilə, o masalardan birində qətərlilərin oturması kimi. İndi isə Türkiyənin həmləsi ilə Aralıq dənizindəki bütün masalar yenidən qurulur”./publika.az

Xəbər lenti