Xəzər Xəbər

Britaniya parlamenti Brexitin ləğvi barədə petisiyanı müzakirəyə çıxaracaq

Dünya | 18:14 • 27 Mart 2019
Britaniya parlamenti Brexitin ləğvi barədə petisiyanı müzakirəyə çıxaracaq

Böyük Britaniya parlamenti aprelin 1-də Brexit prosesinin ləğvi barədə petisiyanı müzakirəyə çıxaracaq.


AZƏRTAC xəbər verir ki, "The Independent” qəzetinin İcmalar Palatasının petisiyalar üzrə komitəsinə istinadla yaydığı məlumata görə, hökuməti Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üçün "50-ci maddənin” reallaşdırılmasından imtina etməyə çağıran petisiya Britaniya parlamenti və hökumətinin İcmalar Palatasının saytında dərc olunan petisiyalar içərisində rekord sayda imza toplayıb. Belə ki, Brexit prosesinin ləğv edilməsi barədə petisiyanı martın 26-sı axşam saatlarınadək 5,85 milyon nəfər imzalayıb.


Həmçinin Britaniya parlamenti bazar ertəsi günü daha iki petisiyanı – Brexit üzrə yeni referendumun keçirilməsini (120 min imza) və Brüssellə sazişin aqibətindən asılı olmayaraq Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini (140 min imza) müzakirə edəcək.


Britaniya parlamenti bu gün çoxluğun dəstəkləyəcəyi Brexit variantını tapmağa çalışacaq və deputatlar bu məqsədlə bir sıra "açıq səsvermələr” keçirəcək. Deputatlar istənilən sayda varianta səs verə biləcək. Əgər variantlardan hər hansı biri çoxluq qazansa belə, Britaniya hökuməti parlamentin iradəsini yerinə yetirməyə borclu deyil.


Martın 27-də parlament, həmçinin Brexit tarixinin dəyişdirilməsi barədə də səsvermə keçirəcək. İcmalar palatasının lideri Andrea Lidsom sənəddə, eyni zamanda, iki tarixin öz əksini tapacağını deyib: aprelin 12-si və mayın 22-si. Ölkənin Avropa İttifaqının tərkibindən çıxması vaxtı martın 29-dək Britaniya parlamentində Brexit sazişi üzrə səsvermənin nəticəsindən asılı olacaq.


Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin ötən ilin noyabrında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Xəbər lenti