Xəzər Xəbər

Əlillik təyinatında yeni meyarların tətbiqi üçün təkliflər hazırlanır

Cəmiyyət | 10:35 • 19 May 2025
Əlillik təyinatında yeni meyarların tətbiqi üçün təkliflər hazırlanır

“Əlilliyin müəyyən olunması meyarları”na əlavə və dəyişiklik edilməsi üçün təkliflər hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Namiq Seyfəddinli deyib.

O xatırladıb ki, Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda yer alan meyarlar 2015-ci ildə qəbul edilmiş 413 nömrəli qərarda yer alanlardan 5 dəfəyə yaxın çoxdur. Lakin bu meyarların təkmilləşdirilməsinə də ehtiyac yaranıb.  

                                                                Yeni meyarlar vətəndaşların xeyrinə olacaq

Onun sözlərinə görə, üç ilə yaxın bir müddətdə əldə edilən təcrübə və vətəndaşların müraciətləri əsasında zərurət yaranıb ki, “Əlilliyin müəyyən olunması meyarları”na da əlavə və dəyişiklik edilsin.

Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şəbəsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisləri birgə Nazirlər Kabinetinin 187 saylı qərarına bir neçə dəyişiklik və əlavələr edilməsi üçün təkliflər hazırlayır. Bu təkliflər içərisində bəzi xəstəliklərlə bağlı əlillik təyinatının müddətli deyil, müddətsiz olması, bəzi xəstəliklərin 1-2 illik faizinin 5 illiyə qədər qaldırılması, bəzi patologiyaların faizinin artırılması və digər məsələlərlə bağlıdır: “Xüsusi incəliklər var ki, bunlar praktikada, vətəndaşların müraciətləri zamanı üzə çıxır. Onlar mütləq şəkildə nəzərə alınmalıdır. Təkliflərimiz Nazirlər Kabineti tərəfindən qəbul edilərsə və qanuna əlavə olunarsa, düşünürəm ki, bu, vətəndaşların xeyrinə olacaq”.

                                                                 Əlillik təyinatı sürətləndiriləcək

Namiq Seyfəddinli həmçinin qeyd edib ki, protez-ortopedik məmulatarın inkişaf etdirilməsi, reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müvafiq işlər aparılır.

Bundan başqa, əlillik təyinatının sürətləndirilməsi prosesi də TƏBİB-lə müzakirə edilir.

Onun sözlərinə görə, “Forma-88”in dolduruilması, TƏBİB tərəfindən sənədləşmə prosesinin asanlaşdırılması, vətəndaşın daha az xəstəxanaya müraciət etməklə əlilliyini alması üçün birgə iş aparılır. Nəticə etibarilə, yaxın gələcəkdə vətəndaşlar əlillik təyinatını daha operativ və proaktiv qaydada ala biləcəklər.  

Atif

Xəbər lenti