“Həm dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinatı məsələsində çatışmazlıqlar var. Orqan rəhbərləri xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxsləri müqavilə əsasında işdə saxlayır”.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu gün müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur.
Deputat təklif edib ki, Hesablama Palatasında həyata keçirilən dövlət qulluğuna qəbul prosesi digər qurumlarda da tətbiq edilməlidir: "Hesablama Palatasında dövlət qulluğuna qəbul olduqca şəffaf keçirilib. Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır. Bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Orqan rəhbərlərinin belə qanunsuzluqlara cəhd etməsinin qaşrısında əsas məqsəd həmin saxta və qeyri-leqal yollarla xüsusi tanış və tapşırıqla vəzifiləri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəsvvür edin ki, şəxs müsabiqədə qalib gəlir, ən yüksək bal taplayır və müsahibədə müqaviləli şəxslərə uduzur. Ömrünü, gününü həsr edib dövlət qulluğunda yer almağa çalışan bir vətəndaş bu mərhələni aşa bilmir. Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidir ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclisdə də bu şəffaflıq təmin ediliyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər".
Deputat sözügedən məsələ ilə bağlı təkliflərini də səslənirib.
“Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır, buraya tamamilə neytral insnalar cəlb edilmlidir. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər. Ona görə də dövlət qulluğuna qəbulun müsahibə mərhələsində maraqlı orqanın təmsilçiləri komissiyanın tərkibindən çıxarılmalıdır. Yaxşı olardı ki, bu səlahiyyət DİM-ə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin”, - deyə F.Mustafa qeyd edib.