“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.
Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək. Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.