Xəzər Xəbər

Xalq yazıçısı Anar atası Rəsul Rzanın ev-muzeyinin təmirini deputat pensiyası ilə etdiyini DEYİB

Cəmiyyət | 14:10 • 13 Fevral 2025
Xalq yazıçısı Anar atası Rəsul Rzanın ev-muzeyinin təmirini deputat pensiyası ilə etdiyini

“Rəsul Rzanın ev-muzeyində hazırda təmir işləri gedir”.

Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar deyib.

O bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

AYB sədri onu da vurğulayıb ki, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi prosesi də yarımçıq qalıb.

“Mən artıq 10 ilə yaxındır ssenarini yazıb təqdim etmişəm, qəbul olunub, lakin filmi çəkmək fikirləri yoxdur”, - Anar əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi, 2022-ci ildə isə Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. (apa)

Xəbər lenti