Xəzər Xəbər

Məleykə Abbaszadədən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA

Cəmiyyət | 15:03 • 16 Aprel 2024
Məleykə Abbaszadədən imtahanlarla bağlı

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq: “Beləliklə, Azərbaycan dili üzrə də belə standart imtahan mövcud olacaq. Hazırda imtahanı həyata keçirmək üçün elmi-pedaqoji heyət arasında müzakirələr aparılır. Onların fikirlərini öyrənib imtahanı keçirəcəyik”.

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanından sonra müvafiq bazanın toplanacağını və həmin baza əsasında statistik təhlillər aparılacağını söyləyib:

“Tələblərə cavab verən gənclərin Azərbaycan dilini hansı səviyyədə bilməsi müəyyənləşəcək. İstər evdar xanımlar, istər işləyən şəxslər - hər kəs bu imtahandan keçib dil biliyi səviyyəsini ölçə bilər”.

Məleykə Abbaszadə statistika toplanılması, sosial eksperiment məqsədilə Azərbaycan dili üzrə ilkin sertifikasiya imtahanlarının ödənişsiz olacağını diqqətə çatdırıb:

“Lakin sonra hüquqi müstəvidə də müəyyən addımlar atılacaq. Sonrakı mərhələdə ola bilər ki, B1, B2 səviyyəsində sertifikat əldə edən şəxs dövlət qulluğu imtahanında Azərbaycan dili fənni üzrə imtahandan azad oluna bilər. İmtahan dili öyrənənlər, diaspor üzvləri üçün, dilin səviyyəsini müəyyən etmək üçün vacibdir”. (azertag)

Xəbər lenti

Çox oxunanlar