Bütün nailiyyətlərə baxmayaraq, ürək xəstəliyi cavanlaşmaqda davam edir. Bunun səbəbləri çox fərqlidir. Ekoloji amillər, stress faktoru, qeyri-düzgün qidalanma, fəst-fud, energetik içkilərin xüsusilə də gənc nəsil tərəfindən mütəmadi istifadəsi nəticəsində qanda pis xolesterinin miqdarının artması xəstəliyi cavanlaşdırır. Eyni zamanda, orqanizmdə olan metabolik proseslərin pozulması da ürək xəstəliyinin cavanlaşması riskini artırır. Ürək-damar sistemi xəstəliklərinin yayılmasına səbəb olan önəmli faktorlardan biri də azhərəkətlilikdir.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.
Ürək-damar sistemi xəstəliklərinin ani ölümün əsas səbəbi olduğunu bildirən G.Dadaşova qeyd edib: "Ani ölüm ona görə baş verir ki, ürək-damar sistemi xəstəliklərini başqa xəstəliklərlə differensasiya etmək çətinlik törədir, nəticədə zamanında təcili tibbi yardım göstərilmir. Həmçinin xəstələr və onların yaxınları sosial media resurslarından əldə etdikləri məlumatlar əsasında yardım etməyə çalışırlar. Nəticədə xəstəliyin diaqnostikası və xəstəyə yardım gecikir ki, bu da bəzən ölümlə nəticələnir. Bu baxımdan döş qəfəsində istənilən ağrı zamanı mütləq həkimə, təcili tibbi yardıma müraciət etmək lazımdır. Belə hallarda hərəkətsizlik təmin olunmalıdır. Son vaxtlar ürək xəstəlikləri atipik formada keçir. Əgər klassik formada sol qola, sol çiyinə ağrı, keyimə yayılırdısa, hazırda həmin əlamətlər demək olar ki, qeydə alınmır. Bu da insanları çaşdırır və yanlış qərarlar verilməsi ilə nəticələnir. Ona görə də ağrı zamanı mütləq həkimə müraciət etmək, hərəkətsiz qalmaq və özfəaliyyətlə məşğul olmamaq tövsiyə edilir".