Xəzər Xəbər

Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı 4 bacarıq üzrə aparılacaq

Cəmiyyət | 11:23 • 16 Sentyabr 2023
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı 4 bacarıq üzrə aparılacaq

Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 faizdən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40 faizdən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

XİN-dən Xezerxeber.az-a bildirilib ki, yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

Sentyabrın 23-də keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır. Yazılı imtahanın strukturu aşağıdakı kimidir:

Xarici dil üzrə dinləyib-anlama bloku – (30 dəqiqə)

Monoloq və dialoq tipli dinləmə mətnləri üzrə dinləyib-anlama bacarığının yoxlanılmasını nəzərdə tutan 10 qapalı tipli test tapşırığı.

Xarici dil üzrə oxuyub-anlama bloku – (60 dəqiqə)

İki müxtəlif oxu mətni üzrə bacarığın ölçülməsini nəzərdə tutan 20 qapalı tipli test tapşırığı.

Xarici dil və Azərbaycan dili üzrə yazı bloku – (90 dəqiqə)

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan esse tipli yazı tapşırığı. Namizədlər təqdim olunmuş üç mövzudan birini seçir və seçilmiş mövzu üzrə həm müvafiq xarici dildə, həm də Azərbaycan dilində 250-300 sözdən ibarət esse yazır.

Xarici dil üzrə danışıq bloku (20 dəqiqə)

Kompüter proqramı vasitəsilə təşkil olunan üç mərhələli qiymətləndirməni nəzərdə tutan tapşırıqlar.

Danışıq bloku üzrə imtahan isə sentyabr 24-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında keçiriləcək.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları üçün yaxın günlərdə məlumat paylaşılacaq. Ətraflı məlumatla linkə keçid edərək tanış olmaq mümkündür.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024