Xəzər Xəbər

Yol polisinin üstünə maşın sürən şəxs narkotik dövriyyəsinə görə saxlanılıb YENİLƏNİB

Cəmiyyət | 11:29 • 28 Aprel 2023
Yol polisinin üstünə maşın sürən şəxs narkotik dövriyyəsinə görə saxlanılıb

Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

10:49

Sosial şəbəkələrdə "Toyata Prius" markalı avtomobilin sürücüsünün yol polisi əməkdaşlarına qarşı tabesizlik göstərməsi və maşını onların üstünə sürməsi ilə bağlı görüntülər yayımlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, bu gün səhər saat 7:50 radələrində paytaxtın Cəfər Xəndan küçəsində, Azadlıq prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız “Toyota Prius” markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb. Sürücü polisə tabesizlik göstərməklə onların qanuni “saxla” əmrinə tabe olmayıb: "Nəticədə bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Həmin şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib, əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək".

Araz Əsgərli onu da qeyd edib ki, təfərrüatları barədə məhkəmənin qərarırndan sonra ətraflı məlumat təqdim ediləcək.

Xəbər lenti