Xəzər Xəbər

"Vəfat etmiş motovoz maşinistinin qatarların idarə edilməsi ilə əlaqəsi yoxdur"

Cəmiyyət | 17:15 • 23 Yanvar 2023
"Vəfat etmiş motovoz maşinistinin qatarların idarə edilməsi ilə əlaqəsi yoxdur"

"Bakı Metropoliteni" QSC-nin bu gecə vəfat etmiş motovoz maşinisti, 1958-ci il təvəllüdlü Aydın Kərimlinin sərnişin qatarlarının idarə edilməsi ilə əlaqəsi yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumatında bildirilir. 

"Gecə saatlarında Bənövşəyi xətdəki təsərrüfat qatarını idarə edən maşinistin qəfil halı pisləşib və o, dünyasını dəyişib. Dərhal onun köməkçisi Bənövşəyi xəttin qatar dispetçeri ilə əlaqə saxlayıb, təcili tibbi yardım xidməti dəvət olunub, dərhal aidiyyəti qurumlara, həmçinin maşinistin ailə üzvlərinə məlumat verilib.

Hər gün Bakı metrosunda sərnişindaşıma başa çatdırıldıqdan sonra təmas xətlərindən yüksək gərginlik çıxarılmaqla gecə növbəsinin işi başlanır. Bu zaman metro xətlərində planlı şəkildə müxtəlif təsərrüfat, təmir-bərpa, sazlama-sınaq işləri aparılır. Bu işlərin icrası zamanı mal-material, avadanlıqların daşınması, həmçinin tunellərdən müxtəlif tullantıların çıxarılması məqsədilə təsərrüfat qatarlarından istifadə olunur.

Yayılmış məlumatlarda motovoz maşinistinin dünyasını dəyişməsinin qeyd edilməsinə baxmayaraq, foto və videolarda yanlışlığa yol verilərək bu faktla bağlı metro stansiyalarında hərəkət edən sərnişin qatarları, onların maşinistlərinin foto və videoları yerləşdirilib.

Müəssisənin fəaliyyətinə dair məlumat yayarkən, foto və videoların seçimində diqqətli olmaq və çaşqınlığa yol verməmək vacibdir. Bu, eyni zamanda yayılan informasiyanın həqiqiliyinə və reallığı əks etdirməsinə xidmət göstərər", - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti