Xəzər Xəbər

Azərbaycandan Rusiyaya keçmək istəyən 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb FOTO

Cəmiyyət | 12:33 • 6 Dekabr 2022
Azərbaycandan Rusiyaya keçmək istəyən 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb

Dekabr ayının 4-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən, 160 nəfər isə dövlət sərhədini pozduqlarına görə saxlanılmışdır.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti