Son günlər sosial şəbəkələrdə paylaşımların əksəriyyəti göz xəstəliklərini əhatə edir. Belə ki, insanlar qəribə virusun yayıldığını deyirlər.
Əksər insanlar gözdə qızartı, qaşınma, səhərlər yapışma kimi simptomların olduğunu deyirlər. Narahatlıq yaradan məqamlardan biri isə virusun qısa zamanda bir gözdən o birinə keçməsidir.
“Bu gün oftalmoloqa müraciət edən pasiyentlərin şikayətləri araşdırıldıqda məlum olur ki, çoxu allergiya ilə bağlıdır”.
Bu barədə Oxu.Az-a həkim oftalmoloq-cərrah, Amerika Oftalmologiya Akademiyasının üzvü İmran Cərullazadə son günlərdə insanların göz həkiminə müraciətinin artması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Həkim bildirib ki, son dövrlərdə insanlar arasında gözlərin yaşarması, qaşınması ilə bağlı şikayətlər artıb:
“İnsanlar bu kimi zamanlarda əllərinin təmiz olub-olmadığına diqqət etmədən əllərini gözlərinə vurur, ovuşdururlar. Bu, infeksiya yaranmasına səbəb olur. Əgər gözlərdə qaşınma hiss edirlərsə, qızarırsa, qətiyyən əl vurmasınlar. Yaxınlıqda olan həkimə müraciət etsinlər”.
Həkim deyir ki, bəzən belə hallarda ev şəraitində çay, çobanyastığı dəmləməsi ilə gözlərini yuyan pasiyentlər olur:
“Bunu etməyə gərək yoxdur. Ola bilər ki, bu, allergik reaksiyadan yaransın. Bunu bilmədən həmin dəmləmələrlə gözü yuyarkən daha da qıcıqlandırmış olurlar. Adi su ilə üzlərini, gözlərini yuya bilərlər”.
Səhərlər göz qapaqları yapışır, irin müşahidə edilirsə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır:
“Məsləhət deyil ki, bu hallarda antibiotik vurulsun. Antibiotik infeksiyanı öldürsə də, bədəni zəiflədir. Bu kimi hallarda müşahidə edilir ki, infeksiya yenidən qayıda bilir”.