Xəzər Xəbər

Deputatdan ixtisas seçimilə bağlı MƏSLƏHƏT - Diplomla iş bitmir

Gənclər ixtisas seçimində hansı səhvə yol verməməlidir?
Cəmiyyət | 13:36 • 11 Avqust 2022
Deputatdan ixtisas seçimilə bağlı MƏSLƏHƏT - Diplomla iş bitmir

Avqustun 16-dan ali təhsil müəssisələrinə və kolleclərə ixtisas seçiminə başlanılacaq. Seçimdə iştirak etmək hüququ qazanan abituriyentlərin qarşısında duran ən başçıla vəzifə dövrümüzdə təlabat olan sahələr üzrə ixtisasları müəyyən etmək və sonda düzgün qərar verməkdir.

Bundan əlavə, təhsil ekspertləri və mütəxəssislər hesab edirlər ki, abituriyentlər ixtisas seçimi zamanı topladıqları balla bərabər gələcək əmək bazarını da nəzərə almalıdırlar.

Xezerxeber.az xəbər verir ki, mövzu ilə bağlı "modern.az"a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, gənclərin bəzən üstünlük verdiyi ixtisaslara əmək bazarında tələb azdır. Onun sözlərinə görə, hər il ixtisas seçimi ilə bağlı problem təkrarlanır:

"Müəyyən ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir. Hər bir gənc diqqətli olmalıdır. Bazarın tələbləri nəzərə alınmalıdır, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir. Digər ağrılı məsələ isə odur ki, bütün valideylər övladlarının ali təhsil almasını istəyir. Anlamağa çalışırıq ki, hər kəs övladının təhsil almasını istəyir, amma hansısa gəncin oxumağa həvəsi yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara gənclər üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq. Bir müddət əvvəl ölkədə hər kəs hüquqşünas olmaq istəyirdi”.

Deputatın fikrincə, abituriyentlər müasir əmək bazarını araşdırmalı və buna uyğun ixtisas seçimi etməlidirlər:

“Ölkədə hansı sahəyə maraq çoxdursa, ora yönəlmək lazımdır. Doğrudur, bu mürəkkəb məsələdir, tənzimlənməsinə ehtiyac var. İxtisas seçimi ilə bağlı davamlı təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Orta məktəblərdə universitetə hazırlaşan abituriyentlərlə görüş keçirmək lazımdır. Gənclərə istiqamət vermək lazımdır ki, nəyə üstünlük versinlər. Universiteti bitirib diplom almaqla iş bitmir. Əmək bazarında kifayət qədər iş var, gənclər ixtisas seçimində səhv yol verməməlidir”.

 

Xəbər lenti