Xəzər Xəbər

Düzgün seçilməyən ayaqqabı ayağın inkişaf və böyüməsinə təsir edir

Cəmiyyət | 19:20 • 25 İyun 2022
Düzgün seçilməyən ayaqqabı ayağın inkişaf və böyüməsinə təsir edir

Uşaqların ayaqqabısının düzgün seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. İlk ayaqqabı seçimi valideyn üçün təlaşa səbəb olur. Əksər vaxtlar həkim məsləhəti olmadan ortopedik ayaqqabılara üstünlük verir, onu düzgün seçim kimi dəyərləndirirlər.

Həkim-ortoped Kamil Eyvazovun dediyinə görə, düzgün seçilməyən ayaqqabı pəncə və qamət pozuntusu kimi problemlərə səbəb ola bilər: “Düzgün olmayan ayağın tez yorulmasına, diz və bel nahiyəsində ağrılara aparıb çıxarır. Uşaq orqanizmi daim böyüməkdədir və düzgün seçilməyən ayaqqabı ayağın inkişaf və böyüməsinə təsir edir və bu da bəzən bəzi fəsadlara aparıb çıxarır”.

Körpələrin ayağı 2 yaşına kimi yastıpəncəli olur, erkən dövrdə uşağa xüsusilə sərt ayaqqabı geyindirmək fəsadlarla nəticələnə bilər.

Həkim-ortoped hansı hallarda ortopedik ayaqqabılardan istifadə etməyin zəruriliyi ilə əlaqədar deyib: “Ayaq patologiyaları və problemləri varsa, ortopedik ayaqqabılardan istifadə olunmalıdır. Bəzi hallarda uşaqlarda sinir problemi, anadangəlmə və ya qazanılmış ayaq patologiyaları olanda müalicəvi və individual ortopedik ayaqqabı hazırlanır. Belə ayaqqabıların hazırlanması zamanı xüsusi dəstəklər, bəzi hallarda xüsusi hündürlüklərdən istifadə olunur. Ayaqda uzunluq fərqi varsa, bunu ortopedik ayaqqabıda mütləq nəzərə almaq lazımdır. Bunu nəzərə almadıqda aşağı ətraflardakı uzunluq fərqi ayaqlarda, çanaqda, bel nahiyəsində ikincili skolyoz deformasiyasına da səbəb ola bilər”.

Yeriməyə başlayan uşaqlar üçün ayaqqabıların ayaq ölçüsünə uyğun olması mütləqdir. Daban hündürlüyü 2 santimetri keçməməli, barmaq ucları rahat hərəkət edə biləcək şəkildə, daha dəqiq desək, bir santimetrə qədər boş olmalıdır. Valideynlərin təbii dəridən olan ayaqqabılara üstünlük verməsi tövsiyə olunur. Bu, ayaqqabının rahatlığı ilə yanaşı, dərinin nəfəs almasına da imkan yaradacaq. (AZƏRTAC)

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022